Təbii fəlakət bölgəsində xilasetmə əməliyyatları davam edir
Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışları davam edir.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda 10 məntəqədə intensiv işlər aparılır. Bütün qurumlar, nazirliklər, 100-dən çox ağır texnika, xüsusi texnika, müvafiq qüvvələr cəlb olunub. Müdafiə Nazirliyinin xilasediciləri səfərbər olunub, axtarış tədbirləri 24 saat davam etdirilir.
İşçi qüvvəsinə gəlincə, təbii fəlakət zonasında 800-dən çox insan axtarış fəaliyyətinə cəlb olunub.
Hazırkı mərhələdə Şovidə 21 nəfər həyatını itirib, onlardan 19-nun şəxsiyyəti müəyyən edilib. Təbii fəlakət bölgəsində 12 vətəndaşın axtarış-xilasetmə işləri aktiv rejimdə davam edir.
Həmçinin 3 xarici ölkə vətəndaşı təbii fəlakət nəticəsində itkin düşmüş hesab edilib. İtkin düşənlər arasında iki Ukrayna və bir Rusiya vətəndaşı var.
Qeyd edək ki, avqustun 3-də Şovidə torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 21 nəfər həlak olub, ümumilikdə 210 nəfər isə, təxliyə edilib. Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə araşdırma başlanılıb.


