İrakli Ğaribaşvili Çinin Baş naziri ilə görüşüb
"Mən konkret bir mesajla gəldim - ikitərəfli əlaqələrimizi, münasibətlərimizi və dostluğumuzu gücləndirək".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çian ilə görüşündə bildirib.
Hökumət başçısının qeyd etdiyinə görə, Gürcüstanla Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Gürcüstan və Çin üçün dəyişikliklər və konkret nəticələr gətirəcək.
“Cənab Baş nazir, bu gün sizinlə görüşmək mənim üçün böyük şərəfdir. İlk növbədə deməliyəm ki, biz Çinlə əlaqələri və dostluğu yüksək qiymətləndiririk.
Mən konkret bir mesajla gəlmişəm - qarşılıqlı əlaqələrimizi, münasibətilərimizi və dostluğumuzu gücləndirmək.
Cənab Baş nazir, mən Çenqduda Prezident Si Cinpinlə görüşmək şərəfinə və fürsətinə nail oldum. Onun səmimi qəbulu və qonaqpərvərliyinə görə son dərəcə minnətdaram.
Həmçinin fantastik və çox möhtəşəm olan Ümumdünya Universitet Oyunlarının açılış mərasimində iştirak etmək şərəfinə nail oldum. Mən bir daha Prezident Si Cinpinə və sizə minnətdarlığımı bildirmək istəyirəm.
İnanıram ki, bu, Gürcüstan və Çin üçün konkret nəticələr verəcək. Prezident Si Cinpinə qeyd etdiyim şeyi də vurğulamaq istərdim ki, Gürcüstan bir Çin prinsipini qətiyyətlə dəstəkləyir. Burada Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinizə görə minnətdarlığımı bildirmək istərdim.
Çinlə dostluğu və əməkdaşlığı yüksək qiymətləndiririk. Sizinlə işləməyi və söhbət etməyi səbirsizliklə gözləyirəm, bir daha çox sağ olun!”, - Baş nazir bildirib.


