Mixeil Saakaşvili: "Putinin aqressiv ərazi ambisiyaları ilə bağlı xəbərdarlıqlara Qərb məhəl qoymadı"
"Vladimir Putin Ukraynanı ələ keçirmək niyyətini təxminən iyirmi il əvvəl elan edib, lakin onun aqressiv ərazi ambisiyaları ilə bağlı xəbərdarlıqlara Qərb məhəl qoymayıb".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “The Times” qəzetinə yazdığı məktubunda bəyan edib.
Saakaşvili məktubda yazıb ki, Putin 2004-cü ildə Kremldə görüşərkən ərazini ələ keçirmək planlarını gizlətməyib.
"O, indi etdiyi hər şeyi ilk görüşümüzdə mənə az-çox aydın şəkildə söylədi”, - Saakaşvili yazıb.
O, 2004-cü ildə Kremldə keçirdiyi görüşdən sonra Vladimir Putinlə bağlı narahatlığını bildirmək üçün Berlinə getdiyini, lakin Almaniya kansleri Gerhard Schröderin biganəlik nümayiş etdirdiyini deyib.
Sabiq prezident 2008-ci il müharibəsindən sonra Putin haqqında xəbərdarlıqlar etməyə davam etdiyini, lakin müntəzəm olaraq buna məhəl qoyulmadığını söyləyib.
“Mən Qərbə Putinlə bağlı xəbərdarlıq edəndə məni qeyri-sabit, əsəbi bir dəli kimi dinləmədilər”,- o yazıb.


