Baş nazir: “Araşdırmalar göstərdi ki, ətraf mühitin əsas çirkləndiricisi avtomobillərin işlənmiş qazlarıdır"
“Araşdırmalar göstərdi ki, ətraf mühitin əsas çirkləndiricisi avtomobillərin işlənmiş qazlarıdır, ona görə də, Avro-5 standartının məcburi tətbiqi barədə qərar qəbul etmişik və bu idxalı tənzimləyəcək”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentdə çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, regionda Avro-5 standartını tətbiq etməyən Gürcüstandan başqa heç bir ölkə qalmayıb.
İrakli Ğaribaşvili qeyd edib ki, hökumətin qərarı ilə katalizatorların ixracı da qadağan edilib.
"Yaşamalı olduğumuz mühit, ümumən havanın keyfiyyəti əsas problemlərdən biridir. Nəhayət, avtomobillərin idxalını tənzimləmək qərarına gəldik. Biz Avropa təcrübəsini, o cümlədən regiondakı vəziyyəti öyrəndik. Regionda Avro-5 standartını tətbiq etməyən Gürcüstandan başqa heç bir ölkə qalmayıb. Mən Avro-5 standartının məcburi tətbiqini nəzərdə tuturam. Bu o deməkdir ki, 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalı məhdudlaşdırılmalıdır. Biz sistematik olaraq yanacağın keyfiyyətini yoxlayırıq. Son bir neçə ildə bu istiqamətdə fəal araşdırma aparılır və əlbəttə ki, bunu davam etdirəcəyik, lakin bu sahədə qalan əsas problem məhz nasaz avtomobillər səbəbi ilə havanın çirklənməsidir. Bildiyiniz kimi, katalizatorların ixracına mane olduq və bu, bir növ biznesə çevrilmişdi. Bu katalizatorlar avtomobillərdən çıxarılaraq satılırdı. Gözləntilər ondan ibarətdir ki, bir neçə ildən sonra istər paytaxtda, istərsə də böyük şəhərlərdə havanın keyfiyyəti kəskin şəkildə yaxşılaşacaq. Ölkə inkişaf etmiş, baxımlı, rəqəmsallaşmış, yaşıl iqtisadiyyata malik olmalıdır və bu, təbii ki, ümumilikdə Avropa İttifaqı tərəfindən tam dəstək alan bir istiqamətdir və ümumilikdə bütün inkişaf etmiş ölkələr bu istiqamətdə irəliləyirlər”, - İrakli Ğaribaşvili bildirib.


