Kaxa Kaladze: “İstənilən növ zorakılıq hər bir insan üçün qəbuledilməz olmalıdır"
“Kimdən olursa olsun, fərqi yoxdur, zorakılıq qəbuledilməzdir”.
InterPress.ge xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze “Formula” telekanalının təsisçilərindən biri Mişa Mşvildadzeyə hücuma belə münasibət bildirib.
Kaladzenin qeyd etdiyinə görə, zorakılıq təkcə fiziki deyil, həm də şifahi olur.
“İstənilən növ zorakılıq hər bir insan üçün qəbuledilməz olmalıdır. Zorakılıq təkcə fiziki deyil, həm də şifahi olur. Sosial məkanda insanları təhqir etmək, fərqli fikirləri qəbul etməmək, əlbəttə ki, çox pisdir və hamımız buna qarşı mübarizə aparmalıyıq. Elə hallar olur ki, konkret adamlar qaralanır, qəsdən yalan məlumatlar yayılır və bu, çox pisdir. Kimdən olursa olsun, zorakılıq qəbuledilməzdir. Mən sizə bununla bağlı çoxlu faktlar deyə bilərəm, canlı efirdə verilən açıqlamaları, söyüşləri, təhqirləri, hətta televiziya təsisçilərindən birinin prezidentlə bağlı açıqlamalarını misal gətirə bilərəm. Bu ikili standartdır. Siz əslində zorakılıq faktlarının aradan qaldırılmasında maraqlı deyilsiniz, ondan siyasi istifadə etmək istəyirsiniz, bu ikili standart sizi hər şeydə səciyyələndirir və məncə bu ikiüzlülükdür. Belə faktlar olanda siz çıxıb öz ürək ağrınızı yazıb bu cür faktlara etiraz etməlisiniz. Çıxıb belə hərəkətlərə etiraz etdiyinizi xatırlamıram. Hətta aksiyaların birində polisləri diri-diri yandırmaq cəhdi olanda sizin etiraz etdiyiniz yadıma gəlmir, əksinə, bütün bunları cəsarətləndirib, belə adamları qəhrəman etməyə çalışırsınız, bu, çox ziyanverici və pisdir. Mənim deputat həmkarlarımın, deputatların televiziyalardan verdiyi bəyanatlar da eyni zorakılıqdır. Zorakılıq təkcə fiziki deyil. Konkret suala cavab vermək istəmədiyim halda jurnalistlər özlərini necə aparırlar? Bu da zorakılıqdır. Sizin telekanallarınız vasitəsilə etdikləriniz adi zorakılıqdır, mən bunu pisləyirəm və qəbuledilməzdir”, - deyə Kaxa Kaladze bildirib.
Məlumat üçün bildirək ki, “Formula” telekanalının təsisçilərindən olan Mişa Mşvildadze hücuma məruz qalıb. Mşvildadzenin sözlərinə görə, hücum ticarət mərkəzlərindən birinin girişində baş verib və bu zaman naməlum şəxs ona fiziki təzyiq göstərib. Daxili İşlər Nazirliyi hücumla bağlı zorakılığı nəzərdə tutan 126-cı maddə ilə istintaqa başlayıb.


