Kaladze: “Gürcü Arzusu” hökuməti rusiyalı turistlərin Gürcüstana daxil olmasını alqışlayır”
“Gürcü Arzusu” hökuməti rusiyalı turistlərin Gürcüstana daxil olmasını alqışlayır”.
InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, 2008-ci ildən sonra Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili rusiyalı turistləri Lars keçid məntəqəsində gül-çiçəklə qarşılayıb, bu gün isə rusiyalı turistlərin Gürcüstana daxil olmasına “Milli Hərəkat”ın nümayəndələri qəzəblə etiraz edir.
“Rusiyalı turistlərin gəlişini alqışlayırıq. Bunda səhv bir şey yoxdur. 2008-ci il müharibəsindən sonra üçüncü-dördüncü gün hakimiyyət rəsmiləri xalq əlaqələri qurmaq və konsertlər keçirmək üçün Rusiya Federasiyasına məktublar göndərirdilər. Onlar birbaşa rusiyalı turistləri gəlib bizneslə məşğul olmağa təşviq edirdilər. Strateji obyektlər Rusiya dövlət şirkətlərinə özgəninkiləşdirilib, Saakaşvili Lars keçid məntəqəsində rusiyalı turistləri gül-çiçəklə qarşılayırdı, bu gün bu adamlar rus turistlərin Gürcüstana gəlişinə qəzəblə etiraz edirlər. Bu, adi ikili standartdır və bu insanlar ikiüzlüdürlər.
Gürcüstan hakimiyyəti öz xalqının və bu ölkənin mənafeyini hər şeydən üstün tutur. Belə idi və gələcəkdə də belə olacaq. Bizim yanaşmamız, münasibətimiz budur. Bircə faktı misal gətirə bilməzsiniz ki, ölkəmiz sanksiyalardan yan keçmək üçün istifadə olunub”, - Kaladze bildirib.


