Şarl Mişel Gürcüstan prezidentinin, baş nazirinin və parlamentinin konkret qərarlarını alqışladığını bildirib
Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstan prezidentinin, baş nazirinin və parlamentinin konkret qərarlarını alqışladığını bildirib.
InterPress.ge xəbər verir ki, Avropa Şurası öz rəsmi saytında Gürcüstanda baş verən son hadisələrlə bağlı bəyanat yayıb.
Mişel prezident Salome Zurabişvilinin Nika Qvaramiyanı əfv etmək qərarını depolarizasiyaya doğru atılan addım kimi qiymətləndirib.
“Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstan prezidenti Salome Zurabişvilinin Nika Qvaramiyanı əfv etmək qərarını Gürcüstanda depolarizasiya istiqamətində mühüm addım kimi alqışlayır.
Şarl Mişel həmçinin baş nazir İrakli Ğaribaşvilinin Gürcüstanın xarici təsir haqqında qanun qəbul etməyə çalışmayacağına dair təsdiqini alqışlayır.
Gürcüstan parlamentinin deoliqarxizasiya haqqında qanunun üçüncü oxunuşda qəbul edilməməsi barədə qərarı müsbət addımdır. Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq, sistemli yanaşmaya diqqət yetirmək lazımdır.
Avropa Şurasının ötən il Gürcüstana Avropa perspektivi vermək qərarı ölkəni Avropa yolunda irəliləmək üçün islahatlara müsbət təkan yaradır.
Gürcüstanın gələcəyi Avropa İttifaqındadır”, - Avropa Şurasının Gürcüstanla bağlı dərc etdiyi press-relizdə deyilir.


