"Ukraynaya kömək etməsək Gürcüstan, Moldova və digər ölkələr böyük risk altında olacaq" - Antonio Tayani
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bəyan edib ki, Qərb Ukraynaya yardımı dayandırarsa, Gürcüstan, Moldova və bir çox digər Avropa ölkələri daha böyük risk altında olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Antonio Tayani ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.
“Hesab edirəm ki, biz Ukraynanın NATO-nun fəal üzvü olması ilə bağlı bir neçə il əvvəl başlayan prosesi izləməliyik. Fikrimcə, bu istiqamətdə atıla biləcək ilk təsirli addım Ukrayna ilə birlikdə bir növ NATO şurasının yaradılması olacaq. Bu, Ukrayna üçün NATO yolunda ilk addım olardı.
Əks-hücuma gəlincə, ümid edirəm ki, bu, sülhə doğru addımlar atmağa kömək edə bilər, çünki hamımız sülh istəyirik. Biz Ukraynaya kömək edirik, çünki sülh istəyirik, çünki Ukraynaya kömək etməsək, o, fəth ediləcək və o zaman Avropa daha böyük təhlükə ilə üzləşəcək – Gürcüstan, Moldova və bir çox başqa dövlətlər böyük risk altında olacaq. Biz bunu azadlığı və demokratiyanı qorumaq üçün edirik, lakin həm də sülh istəyirik. Bu əks-hücum rusların Ukraynanı tərk etməsinə kömək edəcəksə, deməli Ukraynaya azadlığı qaytaracaq”, - İtaliyanın xarici işlər naziri bildirib.


