Türk-alman aviaşirkəti SunExpress Gürcüstana uçuşlara başlayıb
Türkiyə-Almaniya aviaşirkəti SunExpress Gürcüstana uçuşlara başlayıb.
InterPress.ge xəbər verir ki, aviaşirkət səhər tezdən Antaliyadan Boeing 737-800 təyyarəsi ilə Tbilisi Beynəlxalq Hava Limanına ilk müntəzəm reysini həyata keçirib və 135 sərnişin gətirib.
Gürcüstan Hava Limanları İttifaqı 2 illik danışıqlar prosesini uğurla başa çatdırıb. Sun Express Tbilisi Beynəlxalq Hava Limanına eyni vaxtda Türkiyənin üç şəhərindən: paytaxt Ankara, Antalya və İzmirdən həftədə 5 tezliklə uçacaq. Gürcüstan Hava Limanları İttifaqının biznesin inkişafı üzrə meneceri Vako Çilaşvilinin sözlərinə görə, yeni aviaşirkət bazarda rəqabəti daha da artıracaq.
SunExpress 33 il əvvəl Antalyada qurulan hava yolu şirkətidir və İzmir və Antalyanın əsas hava daşıyıcısıdır. 2001-ci ildə müştərilərə Türkiyə və Almaniya arasında birbaşa müntəzəm uçuşlar təklif edən ilk özəl hava yolu şirkəti olub. SKYTRAX-ın məlumatına görə, SunExpress 2022-ci ilin ən yaxşı turizm aviaşirkəti seçilib.