25 
May
2023
09:47
186

Stoltenberq: “NATO Gürcüstanın Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini gözləyir”

Şimali Atlantika Alyansı NATO üzvü olmayan ölkələrin, o cümlədən Gürcüstanın Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini maliyyələşdirməsini və təşkilini çətinləşdirən sanksiyalara əməl etmələrini gözləyir.

InterPress.ge “Ukrinform”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

İllik Brüssel Forumu çərçivəsində müzakirələr zamanı Stoltenberq bildirib ki, Gürcüstan kimi ölkələr Rusiyanın təcavüzünə müqavimət göstərməyə çalışır. Məhz buna görə də NATO-nun Madrid sammitində həmin ölkələrə yardımın artırılması qərara alınıb və Gürcüstan buna ən bariz nümunədir.

NATO-nun baş katibi qeyd edib ki, alyans uzun illərdir Gürcüstanı, o cümlədən islahatların həyata keçirilməsində dəstəkləyir, çünki Rusiyanın qonşularına qarşı aqressiv davranış tendensiyası məhz Gürcüstanda özünü hələ 2008-ci ildə, Rusiya qoşunlarının bu ölkəyə yeridilməsi zamanı büruzə verib və ərazilərin bir hissəsini ələ keçirib.

"Gürcüstanın hamımızın inandığı demokratik dəyərləri rəhbər tutması vacibdir. Biz NATO üzvü olmayan ölkələrin Rusiya Federasiyasına qarşı sanksiyalara əməl etmələrini gözləyirik", - Stoltenberq bildirib.

O əlavə edib ki, Kreml öz düşmən hərəkətləri ilə keçmiş Varşava Müqaviləsi ölkələri və Rusiyaya qonşu dövlətlərə təsir və nəzarəti artırmağa çalışır.

Bizimlə əlaqə saxlayın