23 
May
2023
13:21
878

Tbilisidə genişmiqyaslı beynəlxalq moda nümayişində “Çinar” kolleksiyası nümayiş olunub - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində genişmiqyaslı beynəlxalq moda nümayişi “Metrica Fashion Show”da Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi, Alyans Gənclər Mərkəzinin (AGM) təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Çinar” kolleksiyası nümayiş olunub.

InterPress.ge xəbər verir ki, kolleksiya üçün Azərbaycan milli ornamentlərini müasir qadın geyimlərində istifadə edən azərbaycanlı dizayner Laura Qasımova 20 geyim hazırlayıb.

Azərbaycanın milli musiqi sədaları altında xarici modellərin yer aldığı nümayişdə ümumilikdə 15 ölkədən dizaynerlər, 40-dan çox brend təmsil olunub. İki gün davam edən əsrarəngiz şouda dizaynerlərlə yanaşı bloqerlər, moda jurnalları və televiziya redaktorları, siyasətçilər, iş adamları, məşhur musiqiçilər, Avropa, Asiya, Gürcüstandan olan rəssamlar və fotoqraflar bir platformada toplaşıb.

Tədbirdə geyimlərin, aksesuarların, zərgərlik brendlərinin, eləcə də rəssamların rəsm əsərlərinin sərgisi və satışı keçirilib.

Moda nümayişində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları da iştirak edib. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov tədbirin əhəmiyyətindən danışaraq Fond olaraq Azərbaycanın tanıdılması, mədəniyyətimizin beynəlxalq arenada layiqincə təmsil olunduğu mühüm tədbirlərin maliyyələşdirilməsinin onlar üçün prioritet olduğunu qeyd edib.

Şahin Camalov yüzlərlə modelyer, dizaynerin, moda jurnalının iştirak etdiyi moda şouda təmsilçimizin ən çox diqqət görən kolleksiyalardan biri olduğunu da qeyd edib. AGM-nin sədri Leyla Əmrahova qeyd edib ki, kolleksiya bir aya hazırlanıb.

Laura Layn markasının yaradıcısı dizayner Laura xanım bir çox xarici ölkələrdən iş təklifləri aldığını qeyd edib. Azərbaycanın xaricdə layiqli təmsili baxımından əlindən gələni əsirgəməyəcəyini də vurğulayıb.

Bizimlə əlaqə saxlayın