Baş nazir: "Gürcüstan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir"
“Gürcüstan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir”.
InterPress.ge xəbər verir ki, bunu baş nazir İrakli Ğaribaşvili Avropa Şurasının dövlət və hökumət başçılarının sammitində çıxışı zamanı deyib.
O, Rusiyanın Ukrayna və Gürcüstana təcavüzündən danışıb və qeyd edib ki, Gürcüstan hökuməti ölkədə sülhün qorunması üçün hər şeyi edir.
“Avropa Şurasının dövlət və hökumət başçılarının dördüncü sammitində iştirak etməkdən çox qürur duyuram. Belə möhtəşəm tədbiri təşkil etdiyinə görə ev sahibi ölkəyə təşəkkür etmək istəyirəm. Demək istəyirəm ki, biz insanların fundamental hüquqlarına və demokratiyaya sadiqik. Bu gün biz Avropanın ən mühüm problemlərindən biri ilə üz-üzəyik, o da Rusiyanın Ukraynada BMT, Helsinki və digər bəyannamələri pozan təcavüzüdür. Gürcüstan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. 2008-ci ildə Rusiya ilə apardığımız genişmiqyaslı müharibəni yaxşı xatırlayırıq. Biz çox böyük itki verdik və ərazilərimizin 20%-i işğal edildi. Gürcülər müharibənin və sülhün qiymətini çox yaxşı bilirlər. Müstəqilliyimizi bərpa etdikdən, bir neçə müharibədən keçdikdən sonra müharibənin nəticələrini dərk edir və sülhə daha çox dəyər veririk. Hakimiyyətimiz ölkədə davamlı əmin-amanlığın olması üçün hər şeyi edir. Bizə birlik lazımdır. Birlikdə bu məqsədlərə nail olacağıq. Son illər demokratiyalar bir çox problemlərlə üzləşib, bu problemlərə baxmayaraq, Gürcüstan güclü və davamlıdır”, - baş nazir bildirib.


