14 
May
2023
13:07
219

Polis Tbilisi və bölgələrdə qanunsuz odlu silah və sursatlar müsadirə edib

Daxili İşlər Nazirliyinin əməkdaşları son vaxtlar həyata keçirdikləri əməliyyat- istintaq tədbirləri nəticəsində Tbilisi və bölgələrdə qanunsuz silah-sursat aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə 14 nəfər saxlanılıb.

“Cinayətlərə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları qanunsuz olaraq odlu silah əldə etmək və saxlamaq ittihamı ilə 1973-cü il təvəllüdlü M.B.-ni Tbilisidə saxlayıblar. Polis saxlanılan şəxsin mənzilinə baxış zamanı maddi sübut kimi 1 ədəd “Makarov” sistemli tapança, 1 ədəd xüsusi hazırlanmış tapança, 2 ədəd ağızlıq və müxtəlif növ odlu silahlar üçün 110 ədəd patron götürüb.

Həmin idarənin əməkdaşları 1973-cü il təvəllüdlü D.C.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaqda ittiham edərək saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları evə baxış zamanı maddi sübut kimi 1 ədəd “Çez” markalı tapança, ağızlıq və 57 ədəd patron götürüblər.

Tbilisi Polis Departamentinin Baş İstintaq Bölməsi və Dedektivlər (əməliyyat) Baş Bölməsinin əməkdaşları birgə həyata keçirilən tədbirlər nəticəsində 1988-ci il təvəllüdlü N.L. və 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş V. A.-ni qanunsuz olaraq odlu silah əldə etmək və saxlamaq ittihamı ilə müxtəlif vaxtlarda saxlayıblar.

Polis N.L.-nin mənzilinə baxış nəticəsində odlu silah aşkar edib, V.A.-nın mənzilindən isə 2 tapança, 2 ədəd ağızlıq və patronlar götürüb.

Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları 1986-cı il təvəllüdlü L.X.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə saxlayıblar. L.X.-nin üzərindən şəxsi axtarış nəticəsində 1 ədəd tapança, ağızlıq və 6 ədəd patron maddi sübut kimi götürülüb.

Həmin idarənin İsani-Samqori Baş Bölməsinin əməkdaşları 1992-ci il təvəllüdlü T.Z.-ni qanunsuz odlu silah əldə etmək və saxlamaqda ittiham edərək saxlayıblar. Polis hakimin hökmü əsasında saxlanılan şəxsin yaşadığı evdə apardığı axtarış zamanı maddi sübut kimi oradan karabin və optik nişangah götürüb.

Quriya Polis Departamentinin Ozurqeti və Çoxatauri regional bölmələrinin əməkdaşları Mərkəzi Kriminal Polis Departamenti ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində müxtəlif vaxtlarda iki nəfəri saxlayıblar. Əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda şərti cəza çəkən 1987-ci il təvəllüdlü Z.S.-dən şəxsi yoxlama zamanı maddi sübut kimi odlu silah və 16 ədəd patron götürülüb. 1959-cu il təvəllüdlü V.A.-nın yaşadığı ünvana baxış zamanı 2 ədəd ov tüfəngi, 1 ədəd “Ekol” sistemli tapança, 1 ədəd karabin sistemli tüfəng, 1 ədəd ov tüfənginin lüləsi, 3 ədəd karabin tüfəngi patronu, 1 ədəd zenit silahı patronu, "Ef 1" tipli əl qumbarası və 2 ədəd avtomat silah aşkar edilərək götürülüb.

Kaxeti Polis Departamentinin Saqareco rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri istintaq tədbirləri nəticəsində müxtəlif vaxtlarda 3 nəfəri saxlayıblar. Əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü A.İ.-nin yaşadığı evə baxış zamanı maddi sübut kimi 1 ədəd tapança və 14 ədəd patron götürülüb. 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.İ.-nin yaşadığı ünvana baxış nəticəsində mişarlanmış ov tüfəngi, 1 ədəd bıçaq, 43 ədəd müxtəlif növ odlu silahlar üçün patron və narkotik vasitələr maddi sübut kimi götürülüb. 1978-ci il təvəllüdlü Q.K.-ya gəlincə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun yaşadığı ünvana baxış nəticəsində maddi sübut kimi mişarlanmış ov tüfəngi və 3 əl qumbarası götürüblər.

Kvemo Kartli Polis Departamentinin Dmanisi regional bölməsinin əməkdaşları, 1980-ci il təvəllüdlü R.Q.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaqda ittiham edərək saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin evində aparılan axtarışlar nəticəsində maddi sübut kimi 1 ədəd tapança, 1 ov tüfəngi və 23 ədəd patron götürüblər.

Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Dedektivlər (əməliyyat) Bölməsinin Mestia rayon bölməsinin və Poti şəhər bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək və saxlamaq ittihamı ilə müxtəlif vaxtlarda iki şəxs - 1976-cı il təvəllüdlü Q.A. və 1976-cı il təvəllüdlü M. Ç. saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Q.A-nın yaşadığı ünvana baxış zamanı maddi sübut kimi 1 ədəd əl qumbarası, avtomat odlu silah, 4 ədəd ağızlıq və 118 ədəd patron götürüblər. M.Ç.-nin evindən 1 ədəd tüfəng, 6 ədəd ağızlıq, 1 ədəd əl qumbarası, 1 ədəd tapança və 123 ədəd patron götürülüb.

Qanunsuz odlu silah və döyüş sursatı əldə etmə-saxlama-daşıma və narkotik vasitələri qanunsuz olaraq əldə etmə-saxlama faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə, habelə 260-cı maddəsinə əsasən aparılır", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın