24 
Apr
2023
16:18
252

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində saziş imzalanıb

Aprelin 24-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

InterPress.ge xəbər verir ki, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Sonra Azərbaycan Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən C.Burçuladze xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər