Ermənistana əsir düşən azərbaycanlı əsgər işgəncələrə məruz qalıb
İtkin düşən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundan Azərbaycanın Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu 2004-cü il doğumlu Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistanda əsirlikdə olduğu məlum olub.
InterPress.ge xəbər verir ki, bununla bağlı erməni KİV-də foto və video görüntülər yayılıb.
Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, hərbçilərdən biri 13 aprel tarixində əlverişsiz hava şəraitindən irəli gələrək yolunu azıb və nəticədə Ermənistanın Qarakilsə rayonu ərazisində erməni hərbçiləri tərəfindən aşkarlanıb və saxlanılıb.
Ermənistan kütləvi informasiya vasitələrində Ermənistana əsir düşən hərbçinin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı foto/ video materiallar yayılıb.
Qeyd olunan video və fotolarda Azərbaycan hərbi qulluqçusuna işgəncə və qeyri- insani hərəkətlərin törədilməsi açıq aydın öz əksini tapır. Bu isə öz növbəsində beynəlxalq sənədlərə ziddir.
Belə ki, yayılmış videoda azərbaycanlı hərbi qulluqçunun əl-qolu bağlanmış vəziyyətdə döyülməsini və ləyaqətinin alçaldılmasını görmək mümkündür.
Əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı Azərbaycan Respublikası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.
Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 115.2 (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb və cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir, hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməllərindən və hədələnməkdən müdafiə olunmalıdırlar.


