İctimai təşkilatlar və vətəndaş fəalları Kvemo Kartli bölgəsinin majoritar deputatlarına müraciət ünvanlayıblar
İctimai təşkilatlar və vətəndaş fəalları Kvemo Kartli bölgəsinin majoritar deputatları Qoqi Meşveliyani, Zaur Darğallı və İrakli Şatakişviliyə müraciət edərək, onları Rusiya qanun layihəsini dəstəkləməməyə çağırırlar.
InterPress.ge xəbər verir ki, bu, 40-a yaxın təşkilat və fərdi şəxsin imzaladığı birgə bəyanatda deyilir.
"Biz bəyanatı imzalayan ictimai təşkilatlar və vətəndaş fəalları “xarici təsir agentləri” haqqında qanun layihələrinin və eyni ruhda olan alternativ variantların qəti əleyhinəyik. Hörmətli majoritar deputatlar, bir müddət əvvəl biz hamımız regionda güclü vətəndaş sektoru ilə fəxr edirdik. Kvemo Kartliyə gələn beynəlxalq nümayəndə heyətləri layihələrimizin nəticələri ilə tanış olmaq üçün sizinlə fəxrlə gəzdilər. Həmçinin bölgədən ali təhsil müəssisələrinə qəbul olan gənclərin sayının artması hamımızı qürurlandırırdı. İcma təşkilatları bu xeyirxah işə öz töhfələrini verdilər, onların rəhbərləri hətta evlərini sözügedən maarifləndirmə ideyasına həsr etdilər.
Biz hamımız gördük ki, vətəndaş sektoru ilə əməkdaşlıq şəraitində uşaq bağçaları, içməli su sistemləri yenidən quruldu, yerli sahibkarlar gücləndirildi, yaşıllıqlar yaradıldı. Bu, tərəfdaş ölkələrin və donorların köməyi ilə həyata keçirə bildiyimiz layihələrin kiçik bir siyahısıdır. Regionda hər hansı siyasi təsirdən azad yerli medianın olması da onların dəstəyinin nəticəsidir.
Biz cəmiyyətə xidmət etməyə davam etmək istəyirik. Biz mümkün qədər çox insanın həyatını yaxşılığa doğru dəyişmək istəyirik.
Rusiya Federasiyasının yanaşmalarını bölüşən qanun layihələri ölkəmizi inkişaf etmək imkanından məhrum edir.
Bu gün biz Gürcüstanın ən yeni tarixini birlikdə yazırıq və sizdən 30 ildir ki, sadiq qaldığımız ideyanın yanında olmağınızı xahiş edirik. Gürcüstanın demokratik gələcəyindən vacib olan mövqe, status yoxdur.
Ölkənin gələcəyini əlindən alan Rusiya qanun layihələrini dəstəkləməyin!” – deyə məlumatda bildirilib.


