"Mişanı xilas et" şüarı ilə Vaşinqtonda aksiya keçirilib
Vaşinqtonda Ağ Evin yaxınlığında Mixeil Saakaşvilinin tərəfdarları aksiya keçirib.
InterPress.ge xəbər verir ki, aksiyada Gürcüstan və Ukrayna vətəndaşları işdirak edib.
Məlumata görə, onlar üçüncü prezidentin xaricdəki tibb müəssisəsinə köçürülməsini tələb ediblər.
Aksiya iştirakçılarının fikrincə, Mixeil Saakaşvili Rusiya prezidenti Vladimir Putin və Bidzina İvanişvilinin şəxsi məhbusudur. Ağ Evin yaxınlığındakı mitinqlə bağlı süjet bir neçə Amerika kanalında yayımlanıb.
"Biz Amerikadayıq və təbii ki, Amerikadakı azadlığı Gürcüstanda baş verənlərlə müqayisə etmək olmaz. Halbuki Gürcüstanda Saakaşvilinin vaxtında azadlıq var idi. Tiflisə gələndə heç nədən qorxmurdum, cinayətkarlar həbsdə idilər , insanlar küçələrdə sərbəst gəzirdilər və bu gün Saakaşvili Moskvanın köməyi ilə öldürülür.Mən inanmıram ki, Gürcüstan prezidenti, bunu edir, o, Moskvanın əli ilə öldürülür”-mitinqin iştirakçılarından biri bildirib.
Məlumat üçün bildirək ki, bu gün, fevralın 20-də Gürcüstanda və bir sıra Avropa ölkələrində Mixeil Saakaşvilinin müalicə üçün xaricə köçürülməsi ilə bağlı aksiyalar planlaşdırılır. Etirazın təşkilatçısı Putin rejiminin tənqidçisi, hüquq müdafiəçisi və bloger Mark Feyqindir.


