08 
Fev
2023
14:27
401

Türkiyə səfiri: "Təşəkkür edirəm, Gürcüstan"

Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbayın sözlərinə görə, Gürcüstan Türkiyənin beynəlxalq yardım çağırışına ilk reaksiya verən və ora xilasedici dəstə göndərən ilk ölkələrdən olub.

InterPress.ge xəbər verir ki, səfir bu barədə Gürcüstanın Birinci Kanalına verdiyi müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, Türkiyə gürcü xalqına minnətdardır.

“Türkiyədə çoxlu resurs səfərbər etmişik, lakin əlavə olaraq beynəlxalq yardım tələb etmişik. Yaxın dostumuz, qonşumuz, strateji tərəfdaşımız olan Gürcüstan beynəlxalq yardım çağırışımıza ilk cavab verən ölkələrdən biri oldu. Zəlzələ baş verən gün, fevralın 6-da Gürcüstan dərhal axtarış-xilasetmə qrupunu topladı və həmin gün onlar Tbilisidən Türkiyəyə yola düşdülər. Bu, 60 mütəxəssisdən ibarət yüksək ixtisaslı və peşəkar qrupdur. Onlar Adıyaman əyalətindədir. Biz buna görə minnətdarıq. Biz Gürcüstan hökumətinə, xüsusilə Türkiyənin əsl dostu olan, Gürcüstanın Türkiyəyə yardımının koordinasiyasında şəxsən iştirak edən baş nazir İrakli Ğaribaşviliyə minnətdarıq. Gürcüstan dünən axşam çağırışımıza cavab verdi və dərhal daha 40 nəfərlik axtarış-xilasetmə qrupunu səfərbər etdi. Bu gün onları hava limanında qarşıladım, İstanbula yola düşməyi gözləyirlər, oradan Adıyaman vilayətinə gedəcəklər. Mən onlarla şəxsən tanış oldum. Çox ixtisaslı, peşəkar insanlardır. Biz Türkiyəyə əsl həmrəylik və dəstək nümayiş etdirdiyinə görə Gürcüstana minnətdarıq”, - deyə səfir bildirib.

Türkiyənin Gürcüstandakı səfiri Gürcüstan hakimiyyətinə təşəkkür edib.

“Gürcüstan hökumətinə, prezident Zurabişviliyə, baş nazir Ğaribaşviliyə, xarici işlər naziri Darçiaşviliyə, daxili işlər naziri Qomelauriyə və bütün digər nazirlərə və parlamentdəki dostlarımıza kədərlərini bildirdiyinə və başsağlığı verdiklərinə görə minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin, parlamentin sədri Şalva Papuaşviliyə dünən parlamentin iclasının açılışında zəlzələ qurbanlarının xatirəsini ehtiramla yad etdikləri emosional sükut anına görə təşəkkür etmək istərdim. Biz ayağa qalxacağıq, dostlarımızın, qardaşlarımızın dəstəyi ilə bu çətin dövrü keçəcəyik. Kədərimizə şərik olan və həmrəylik nümayiş etdirən gürcü xalqına təşəkkür edirəm. Demək istəyirəm ki, biz birlikdə güclü olacağıq. Təşəkkür edirəm, Gürcüstan”, - səfir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər