Avropa İttifaqından Gürcüstana çağırış
“Avropa İttifaqı Gürcüstanı Avropa İttifaqı və digər ölkələrin aviasiya sahəsində Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa çağırır".
InterPress.ge xəbər verir ki, Avropa Komissiyasının xarici əlaqələr xidmətinin mətbuat katibi Peter Stano “Netgazeti”nin Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar barədə sualını yazılı şəkildə cavablandırıb.
Stano nəşrə bildirib ki, Gürcüstan ayıq olmalıdır ki, Rusiya ona qarşı tətbiq olunan sanksiyalardan yayına bilməsin.
"Rusiya və Gürcüstan arasında birbaşa uçuşların mümkün bərpası ilə bağlı son müzakirələrdən xəbərdarıq. Rusiyanın Ukraynaya qarşı qanunsuz təcavüzü səbəbindən Avropa İttifaqı Rusiya aviasiyasına sanksiyalar tətbiq edib, Rusiyaya, Rusiyadan və ya Rusiya ərazisindən uçuşlara qadağa qoyub.
Avropa İttifaqı Gürcüstanı Avropa İttifaqı və digər ölkələrin aviasiya sektorunda Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yan keçməklə bağlı mümkün cəhdlərə qarşı ayıq-sayıq olmağa çağırır. Aİ sanksiya rejimi Aİ-nin Rusiyaya qarşı sanksiyalarının mümkün yan keçməsində iştirak edən və ya dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq etməyi düşünür", - deyə o bildirib.
Xatırladaq ki, yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Gürcüstanla birbaşa uçuşların tezliklə bərpa olunacağına” ümid etdiyini bildirib. O, Rusiyaya qarşı sanksiyalara qoşulmadığı üçün "Gürcü Arzusu"nu yüksək qiymətləndirib. “Gürcü Arzusu”nun liderləri Lavrovun bəyanatlarını məmnunluqla qarşılayıb və bildiriblər ki, Rusiya ilə birbaşa uçuşların bərpası “alqışlanacaq”.


