Avropa komissarı: "Cənab Saakaşviliyə lazımi tibbi yardım göstərmək hökumətin vəzifəsidir"
Avropa komissarı Yohannes Han Gürcüstan hakimiyyətinə bir daha xatırladır ki, o, Mixeil Saakaşvilinin hüquqlarının qorunmasına, eləcə də onun səhhətinə görə məsuliyyət daşıyır.
InterPress.ge xəbər verir ki, Avropa komissarı Gürcüstanın üçüncü prezidenti ilə bağlı müzakirələrin getdiyi Avropa Parlamentində çıxışı zamanı üçüncü prezidentlə bağlı açıqlama verib:
"Avropa İttifaqı Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhətini diqqətlə izləyir. Ötən ilin sentyabrında Gürcüstana qayıtdıqdan sonra o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinib. 2022-ci ilin may ayından o, mülki klinikadadır, ailəsinin xahişi ilə oraya köçürülüb və o vaxtdan onun səhhətinin pisləşməsi bizi narahat edir və biz bu məsələni Gürcüstan hakimiyyəti qarşısında dəfələrlə qaldırmışıq. Ən son, dekabrın 28-də Aİ-nin nümayəndə heyəti Aİ ölkələrinin Gürcüstandakı nümayəndələri ilə birlikdə Gürcüstanın ədliyyə naziri ilə görüşüb və cənab Saakaşvilinin səhhətinin pisləşməsindən narahatlığını bildirib. Bundan sonra Aİ-nin Gürcüstandakı səfirinin ədliyyə naziri ilə görüşü olub. Bütün bu görüşlərdə biz vurğuladıq ki, cənab Saakaşviliyə lazımi tibbi yardım göstərmək hökumətin vəzifəsidir. Bundan əlavə, onun müstəqil məhkəmə hüququ və şəxsi məlumatları da qorunmalıdır. Cənab Saakaşvilinin vəziyyəti ağır olarsa, Gürcüstan hakimiyyətinin öhdəliyi ona uyğun hərəkət etməkdir. Düşünürəm ki, Gürcüstan hakimiyyətinin ekspertizanın qərəzsiz beynəlxalq ekspertlər tərəfindən aparılmasını təmin etməsi hər kəsin marağındadır”, - deyə o söyləyib.
Daha sonra o, Avropa Komissiyası adından bir daha Avropa Parlamentinin deputatlarına müraciət edərək Mixeil Saakaşvilinin işini izləməyə davam edəcəklərini bildirib:
"Mən sizi əmin etmək istəyirəm ki, biz Saakaşvilinin işini və vəziyyətini izləməkdə davam edəcəyik və bu işin həlli üçün bütün səylərimizi göstərəcəyik. Biz həmçinin Gürcüstan hakimiyyətini və müxalifət qüvvələrini sazişdə yer alan 12 bəndi yerinə yetirməyə çağırırıq", - deyə Avropa komissarı bəyan edib.


