
DİN: Ölkədə cinayətlərin sayı azalıb
Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, ötən il 2021-ci illə müqayisədə ölkədə cinayətlərin sayı 3,39% (-1908 fakt) azalıb.
InterPress.ge xəbər verir ki, nazir müavini bu barədə nazirlikdə keçirilən brifinqdə deyib.
O qeyd edib ki, ağır və xüsusilə ağır kateqoriyalı cinayətlər, məsələn: adam öldürmə; adam öldürməyə cəhd; sağlamlığa ciddi ziyan vurmaq; qanunsuz azadlıqdan məhrum etmə; soyğunçuluq, oğurluq, o cümlədən mənzil oğurluğu və s. azalıb.
Aleksandre Daraxvelidze onu da vurğulayıb ki, daxili işlər nazirinin əmri ilə bir sıra statistik məlumatların dərcinin yeni forması və şərtləri təsdiq edilib.
“Cinayətlərin açılmasının artımını qeyd etmək lazımdır ki, bu da görünməmiş yüksək göstəricidir və 62%-i ötür. Məlumatlar artıq dərc edilib və istənilən maraqlanan şəxs Daxili İşlər Nazirliyinin info.police.ge informasiya portalında əldə edə bilər.
Burada sizi bir yeniliklə tanış edəcəyik - Daxili İşlər Nazirliyi Avropa ölkələrinin qabaqcıl təcrübəsini öyrənib, ona əsasən bir sıra statistik məlumatların dərc edilməsinin yeni forması və şərtləri hazırlanıb.
Hər kəsə məlumdur ki, Daxili İşlər Nazirliyi cəmiyyətdəki marağa uyğun olaraq sistemli şəkildə aşağıdakı məlumatları dərc edir: cinayət statistikası; inzibati xətalar haqqında məlumat; Gürcüstanın dövlət sərhədindən keçid məlumatları; məişət zorakılığı statistikası; yol-nəqliyyat hadisələrinin sayı; verilmiş sürücülük vəsiqələri haqqında məlumat; Nazirliyin fəaliyyəti ilə bağlı bir çox digər məlumatlar.
Qeyd etmək lazımdır ki, cinayət statistikasının hazırlanması metodologiyası dəyişmir, bununla belə, tarixlər dəyişir və dərc olunacaq məlumatlar daha müfəssəlləşir.
Bu dəyişikliyin əsas məqsədi cinayət statistikasının təhlilini təkmilləşdirməkdir.
Praktiki təhlil nəticəsində məlum olub ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən cinayət faktının aşkarlanması, daha sonra cinayətin açılması və cinayət təqibinə başlanılması prosesində çox vaxt bir ay müddətinin tam təhlil və təhqiqat üçün kifayət etmədiyi hallara rast gəlinir.
Sərəncam aşağıdakı formada tərtib edilib: qeydə alınmış cinayətlərin statistik məlumatları, cinayətin növü konkret maddələri və açılma əmsalı nəzərə alınmaqla ildə 4 dəfə dərc olunacaq. Qeyd edək ki, bütün sadalanan kateqoriyalar üzrə məlumatlar hər ilin sonundan sonra icmal formada dərc olunacaq", - deyə o bəyan edib.