"Etnik azlıq gənclərinə dəstək" layihəsi çərçivəsində 7 azərbaycandilli məktəbdə təlimlər keçirilib
"İnkişaf və Məşğulluq Platforması" Almaniyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi və Rönne Stiftung-la əməkdaşlıq əsasında "Etnik azlıq gənclərinə dəstək" adlı layihə həyata keçirməkdədir.
Interpress.ge xəbər verir ki, sözügedən layihə müxtəlif formalı təlimlər həyata keçirərək qeyri-dominant etnik azlıq gənclərinin aktivliklərinin artırılmasını nəzərdə tutur.
Layihə tələbə proqramı, məktəb proqramı, mübadilə proqramları, yaz düşərgəsi və kiçik qrantlar olmaqla bir neçə mərhələdən ibarətdir.
Məktəb proqramının nəznində Kvemo Kartli regionunun 7 azərbaycandilli məktəbində (VIII-IX sinif şagirdlərinin iştirakı ilə) təlimçilər Fəqan Abbasov və Tozu Gülmməmədova tərəfindən iki günlük təlimlər baş tutub. Şagirdlərə təhsil imkanları haqqında məlumat verilib, həmçinin müxtəlif bacarıqlarının (CV hazırlamaq, motivasiya məktubu yazmaq, iş görüşməsində iştirak etmək) gücləndirilməsinin yolları öyrədilib.
Layihəyə Kvemo Kartli regionunun dörd bələdiyyəsindən (Marneuli, Bolnisi, Dmanisi, Qardabani) 7 məktəb qatılıb. Təlimlərdə ümumilikdə 151 şagird iştirak edib.
Layihədə iştirak edən şagirdlər növbəti mərhələdə yay düşərgəsinə qatılmaq şansı əldə edəcəklər. Onlar düşərgədə digər həmyaşıdları ilə birlikdə vətəndaş aktivliyi, layihə yazmaq, liderlik kimi mövzularda təlimlər keçəcəklər. Düşərgədə müxtəlif oyunların, idman və qeyri idman aktivliklərinin keçirilməsi planlaşdırılır. Düşərgənin sonunda şagirdlər həyata keçirəcəkləri ideyaları qrup halında təqdim edəcəklər.
Məlumat üçün bildirək ki, "İnkişaf və Məşğulluq Platforması" 2019-cu ildən etibarən cəmiyyətin müxtəlif qruplarının bacarıqlarının inkişafı istiqamətində fəaliyyət göstərir.


