Gürcüstanın baş naziri Səudiyyə Ərəbistanı Krallığının baş naziri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Səudiyyə Ərəbistanı Krallığının baş naziri, Əlahəzrət Şahzadə Məhəmməd Bin Salman Bin Əbdüləziz Əl Səud ilə görüşüb.
InterPress.ge xəbər verir ki, baş nazirin Əl-Yəmam sarayında qarşılanma mərasimi keçirilib.
Məlumata görə, tərəflər iki ölkə arasındakı əməkdaşlığın müsbət tərəflərini nəzərdən keçirib, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Görüşdə, Gürcüstanın Asiya ilə Avropanı birləşdirən tranzit qovşağı və böyük potensiala malik nəqliyyat dəhlizi kimi artan rolu və əhəmiyyəti vurğulanıb. Səudiyyə Ərəbistanı tərəfindən Gürcüstanın potensialından daha fəal istifadə etməyə hazır olduğu bildirilib. Müzakirə olunan məsələlər arasında turizm sahəsində mövcud əməkdaşlığın dərinləşdirilməsi perspektivləri də olub. Baş nazir turizmin Gürcüstan iqtisadiyyatının sürətlə inkişaf edən sahəsi olduğunu, Səudiyyə Ərəbistanı vətəndaşlarının vizasız rejimdən istifadə etdiyini, Səudiyyə Ərəbistanından gələnlərin sayının ildən-ilə artmasının məmnunluqla qarşılandığını qeyd edib.
Həmçinin investisiya istiqamətləri də müzakirə olunub. Qaribaşvili qeyd edib ki, Gürcüstan həm dövlət investisiya fondları, həm də özəl biznes baxımından Səudiyyə Ərəbistanı üçün cəlbedici ölkədir. Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti Səudiyyə Ərəbistanı Krallığından Gürcüstana daha çox investorun daxil olmasını alqışlayır.


