Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib
Paytaxt Tbilisidə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Alyans Gənclər Mərkəzində anım mərasimi keçirilib.
InterPress.ge xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları, yerli azərbaycanlı və gürcü icmasının nümayəndələri iştirak edib.
Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirib ki, müstəqilliyinin ilk illərində Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə olub. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini nəinki parçalanmaqdan xilas edib, onu yeni inkişaf yoluna çıxarıb, möhkəmlədib və inkişaf etdirib.
Diplomat qeyd edib ki, dünya azərbaycanlılarının və bütün türk dünyasının liderlərindən olan Heydər Əliyev Azərbaycan xalqının tarixində dərin iz qoyub.
Daha sonra çıxış edənlər bildiriblər ki, Heydər Əliyevin gördüyü işlər yalnız Azərbaycan xalqının deyil, region xalqlarının da rifahının yüksəldilməsi, bölgədə sülhün qorunması və gücləndirilməsində böyük rol oynayıb, xalqlar arasında dostluq bağlarının gücləndirilməsində xüsusi töhfə verib.


