10 
Nybr
2022
11:38
193

Zəfər Günü ilə əlaqədar Tbilisidə Heydər Əliyevin büstü ziyarət olunub

8 Noyabr  - Zəfər Günü ilə əlaqədar olaraq Gürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyev adına parkda Ulu öndərin büstü ziyarət olunub. 

InterPress.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi bununla bağlı bəyanat yayıb.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, hər iki ölkənin hərbi attaşeləri – polkovnik-leytenant Fuad İbrahimov və polkovnik Burak Altınər iştirak ediblər. 

Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb. 

Həmçinin Azərbaycan səfirliyinin dəstəyi ilə II Qarabağ müharibəsi şəhidi Elvin Əlimərdanovun doğulduğu Bolnisi rayonunun Saraclı kəndində xatirəsinə inşa olunan bulağın da açılışı olub. Mərasimdə şəhidin yaxınları, Saraclı ziyalıları və sakinləri də iştirak ediblər. İştirakçılar Şəhidin əziz xatirəsini anıblar, ruhuna dualar oxuyublar. 

Ehsan süfrəsi ətrafında davam etdirilən mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Faiq Quliyev çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərə  Azərbaycan xalqı və dünya azərbaycanlılarının Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşməsi, nizamlı və qüdrətli Azərbaycan ordusu sayəsində nail olunub. O, Zəfərin əldə olunmasından ötən iki il ərzində işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini qeyd edib. 

Səfir II Qarabağ müharibəsində Gürcüstan əsilli şəhidlərimizin Zəfərimizdə böyük payının olduğunu vurğulayıb. Bildirib ki, müharibə zamanı Gürcüstanda yaşayan azərbaycanlıların kiçikdən tutmuş böyüyə qədər hər biri mənəvi vətənləri Azərbaycana sıx bağlılıq, böyük mənəvi və maddi dəstəyini göstərdi. 

Faiq Quliyev Gürcüstan əsilli şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində səfirliyin dəstəyi ilə həyata keçirilmiş təşəbbüs və layihələrdən söz açıb. Qeyd edib ki, şəhidlərin ömür və döyüş yolundan bəhs edən “Ölümsüzlər” kitabı nəşrə hazırlanıb və yaxın zamanlarda təqdimat mərasimi keçiriləcək. 

Səfir şəhid ailələrinə Azərbaycan dövləti tərəfindən göstərilən diqqət və qayğıdan da söz açıb, Gürcüstanda yaşayan şəhidlərin yaxınlarını narahat edən məsələlərin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb. 

Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi böyük mənəvi və siyasi dəstəyə toxunan səfir türkiyəli həmkarı Ali Kaan Orbaya minnətdarlığını bildirib. 

Səfir bütün şəhidlərə Allahdan rəhmət diləyib, Elvin Əlimərdanovun yaxınlarına başsağlığı verib. Faiq Quliyev Elvin Əlimardanovu mərd və vətənpərvər övlad kimi böyüdüb boya başa çatdıran atası İlham Əlimərdanova minnətdalığını bildirib. 

Daha sonra çıxış edən Türkiyə səfiri Ali Kaan Orbay deyib ki, Türkiyə haqlı mübarizəsində Azərbaycanın hər zaman yanında olub və bundan sonra da olacaq. Onun sözlərinə görə, Azərbaycanın Zəfəri ilə əzəli torpaqların işğaldan azad edilməsi ilə yanaşı, bölgəyə sabitlik, rifah və tərəqqi də gəlib. 

Ali Kaan Orbay qeyd edib ki, işğaldan azad olunan torpaqların bərpası və dirçəldilməsi işində Türkiyə Azərbaycanı dəstəkləməkdə davam edəcək. 

Diplomat Azərbaycanın Zəfərini dünyanın ən haqlı qələbələrindən biri olduğunu xüsusilə vurğulayaraq Azərbaycan dövləti və xalqını Zəfər Günü münasibətilə təbrik edib, zəfərin daimi olmasını arzulayıb.

Elvin Əlimərdanovun atası İlham Əlimərdanov və kənd ziyalıları çıxış edərək şəhidin xatirəsinin əbədiləşdirilməsinə göstərilən dəstəyə və qayğıya görə Azərbaycan səfirliyinə minnətdarlıqlarını ifadə ediblər.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər