ABŞ səfiri: "Gürcüstanda siyasi mühitin qütbləşməsi təəssüf doğurur"
"Amerika Birləşmiş Ştatları Avropa Parlamentinin bir hissəsi deyil. Deyə bilərəm ki, biz bu sənədin hazırlanmasında iştirak etməmişik".
InterPress.ge xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Aİ Assosiasiyası Sazişinin icrasına dair hesabatın qəbuluna belə münasibət bildirib.
Deqnanın sözlərinə görə, Gürcüstanda siyasi mühitin qütbləşməsi təəssüf doğurur.
“Gürcüstanda siyasi mühitin qütbləşməsi təəssüf doğurur. Biz şübhəsiz ki, Gürcüstanın bütün siyasi partiyalarını birliyə və iddialı demokratik, ədalətli və antikorrupsiya islahatların həyata keçirilməsinə çağırışlarla razıyıq. Hesab edirəm ki, Gürcüstanın hazırladığı qanunvericiliyi Venesiya Komissiyası və digər Avropa ekspert qurumları qarşısında təqdim etməkdə çox yaxşı nailiyyətlər var.
Hazırlanmış qanunvericilik paketlərini təqdim etdikdən sonra Gürcüstan Venesiya Komissiyasından və digər beynəlxalq strukturlardan qeyd olunan Avropa standartlarına nə dərəcədə cavab verməsi ilə bağlı qiymətləndirmələr alır”, - Kelli Deqnan bildirib.
Amerikalı diplomat Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu almasının vacibliyinə diqqət çəkib.
“Gürcüstanın Avropa gələcəyinə gedən yolda növbəti çox vacib addımı namizəd statusudur. Hazırlanmış qanunvericiliyin Venesiya Komissiyasına təqdim edilməsi çox vacibdir ki, onun uyğunluğunu qiymətləndirə bilsin”, - səfir qeyd edib.
Deqnanın sözlərinə görə, ABŞ gürcü xalqının təhlükəsiz, sabit və uğurlu demokratik ölkədə yaşamağı nəzərdə tutan çox aydın seçimini dəstəkləyir. Səfirin sözlərinə görə, ABŞ gürcü xalqının Avro-Atlantik gələcəklə bağlı istəklərini dəstəkləyir.
“Ümid edirəm ki, Gürcüstanın siyasi liderləri, o cümlədən hakim partiya və müxalifət birləşərək namizəd statusu ilə bağlı işlərin Avropa standartlarına uyğun aparılmasını təmin edəcəklər. Mən ürəkdən ümid edirəm ki, gürcü liderləri gürcü xalqı üçün bunu edə biləcəklər”, - Deqnan əlavə edib.


