26 
Sen
2022
14:21
311

"Nə qədər ki, Rusiyayönlü “Gürcü Arzusu” Bidzina İvanişvilinin göstərişi ilə ədliyyə sistemini idarə edəcək, biz irəli gedə bilməyəcəyik" - Vaşadze

"Nə qədər ki, Rusiyayönlü “Gürcü Arzusu” Bidzina İvanişvilinin göstərişi ilə ədliyyə sistemini idarə edəcək, biz irəli gedə bilməyəcəyik, namizəd statusu ala bilməyəcəyik".

InterPress.ge xəbər verir ki, “Ağmaşenebeli Strategiyası”nın sədri Qiorqi Vaşadze Ali Məhkəmənin sədri Nino Qvenetadzenin istefaya getməyə məcbur olması ilə bağlı mətbuatda yayılan məlumatlara parlamentdə keçirilən brifinqdə münasibət bildirib.

Vaşadzenin bəyan etdiyinə görə, mövcud ədliyyə sisteminə görə Gürcüstan tarixi şansını itirəcək.

“Gürcüstanın məhkəmə sistemində klan əsaslı, mütəşəkkil cinayətkar qrup olduğu müddətdə biz namizəd ölkə statusu ala bilməyəcəyik.

Dəhşətli faktların şahidi olduq ki, Ali Məhkəmənin sədri DTX-nin, müxtəlif hüquq-mühafizə orqanlarının şantajı əsasında istefaya getməyə məcbur olub. Belə faktlar Avropa İttifaqı üçün qəbuledilməzdir.

Məhkəmədə mütəşəkkil cinayətkar qrup varsa, Gürcüstan necə namizəd ölkə statusu ala bilər?

Mən Gürcüstan vətəndaşlarına müraciət edirəm, nə qədər ki, klan və mütəşəkkil cinayətkar qrup,  rusiyayönlü “Gürcü Arzusu” Bidzina İvanişvilinin göstərişi ilə ədliyyə sistemini idarə edəcək, o vaxta qədər biz irəli gedə bilməyəcəyik, Gürcüstanda heç bir insan hüquqları qorunmayacaq, məhkəmədən daim siyasi məqsədlər üçün istifadə olunacaq, ən əsası məhkəmədən nəhəng və genişmiqyaslı korrupsiya sxemi üçün istifadə ediləcək, bu, hər bir Gürcüstan vətəndaşını kasıbladacaq, Gürcüstana investisiya gəlməyəcək, Gürcüstan Avropa İttifaqına namizəd statusu almayacaq və biz bu tarixi şansı əldən verəcəyik.

Avropa İttifaqının tez-tez danışdığı və tələb etdiyi 12-ci bənddə əsas fundamental tələb məhkəmə məsələsidir, məhkəmənin bu klandan, mütəşəkkil cinayətkar dəstədən azad edilməsi məsələsidir. 

Rusiyayönlü “Gürcü Arzusu”nun nümayəndələrinin bəyanatında eşidəcəyik ki, guya heç nə olmayıb, amma bu gün kimi aydındır və bir daha ortaya çıxdı ki, “Gürcü Arzusu”nun nə qədər cinayət sxemi ədliyyə sistemində təşkil olunub”, - Vaşadze bildirib.

Onun sözlərinə görə, bundan əvvəl “Ali Məhkəmənin hakimlərinin necə intihara sövq edilməsi, onların otaqlara necə qapadılması, necə siyasi qərarlar qəbul etməyə məcbur olması və bu qərarların siyasətçilərə və siyasi məhbuslara, habelə onların biznesinə təsir etməsinə dair məlumatlar da var idi". 

Onun sözlərinə görə, namizəd statusu almaq üçün məhkəməni klandan azad etmək lazımdır.

“Bizim vəzifəmiz gürcü ədalət sistemini  “Gürcü Arzusu”nun yaratdığı bu klan və mütəşəkkil cinayətkar qruplaşmadan azad etməkdir və belə olan halda Avropa İttifaqına namizəd statusu da veriləcək, investisiyalar da gələcək, hər bir Gürcüstan vətəndaşının hüquqları məhkəmədə qorunacaq, ən əsası iş yerləri açılacaq və biz bu bataqlıqdan çıxacağıq”, - Vaşadze bildirib.

Bizimlə əlaqə saxlayın