Baş nazir Türkmənistan prezidenti ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun görüşündə Gürcüstan-Türkmənistan əlaqələrinin dərinləşməsi, birgə layihələr, Gürcüstan və Türkmənistanın tranzit potensialı əsas müzakirə mövzusu olub.
InterPress.ge xəbər verir ki, baş nazirin sözlərinə görə, Gürcüstan Türkmənistanla sıx siyasi və iqtisadi əlaqələri yüksək qiymətləndirir.
Söhbətdə regional nəqliyyat layihələri və onların gələcək inkişafına toxunulub. Bildirilib ki, bu strateji layihələrin həyata keçirilməsi Asiya ilə Avropa arasında Xəzər və Qara dənizlər vasitəsilə yükdaşımaların səmərəliliyini və təhlükəsizliyini artıracaq, bununla da ticarət-iqtisadi əlaqələrin genişlənməsinə və regionlararası əlaqələrin inkişafına təkan verəcək.
Gürcüstan yeni avtomobil və dəmir yollarının tikintisinə, dəniz limanlarının imkanlarının genişləndirilməsinə böyük sərmayə qoyur və Gürcüstan ərazisindən Qara dənizə gedən dəhlizdən istifadə Türkmənistan üçün sərfəlidir.
Söhbətdə enerji sahəsində strateji tərəfdaşlığa da toxunulub, mövcud əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqları bildirilib.


