İrakli Ğaribaşvili Ermənistanın xarici işlər naziri ilə görüşdü
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı hökumət administrasiyası yayıb.
Məlumata görə, söhbət zamanı əsas müzakirə olunan məsələ Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisidə həyata keçiriləcək görüşü olub. İrakli Ğaribaşvili vurğulayıb ki, gələcəkdə dialoqun müsbət dinamikasını inkişaf etdirmək vacibdir.
Görüşdə sülhsevər qonşuluq təşəbbüsü müzakirə edilib və onun regional münasibətlərin normallaşmasına yardımda rolu vurğulanıb.
Həmçinin, Gürcüstan və Ermənistan arasında mövcud və gələcək əməkdaşlıq perspektivlərinə, o cümlədən iqtisadi və ikitərəfli ticarət əlaqələrinə diqqət yetirilib.
“Onlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Bölgədəki mövcud vəziyyətdən danışan hökumət başçısı və Ermənistan Respublikasının xarici işlər naziri çətinliklərin öhdəsindən gəlmək üçün birgə səylərin göstərilməsinin vacib olduğunu qeyd ediblər.
Hökumət başçısı Ararat Mirzoyana Ermənistanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür edib.
Görüşdə Ermənistan xarici işlər nazirinin müavini Vahe Qevorqyan və Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili iştirak ediblər”, - məlumatda deyilir.


