Gürcüstanın baş prokuroru Azərbaycana səfər edib
Gürcüstanın baş prokuroru İrakli Şotadze Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstanın baş prokurorunun birinci müavini Bakur Abuladze, Gürcüstan və Azərbaycan prokurorluqlarının nümayəndələri də iştirak ediblər.
"Görüşdə tərəflər iki ölkə arasında ədalət mühakiməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini cinayətkarlıqla mübarizə sahəsində təcrübə mübadiləsini, Gürcüstan və Azərbaycanda son illərdə cinayət mühakiməsi sahəsində əldə olunan nailiyyətləri, çağırışları və bundan sonra cinayətkarlığa qarşı birgə səmərəli mübarizənin gücləndirilməsini müzakirə ediblər.
Görüşün sonunda Azərbaycan tərəfi Gürcüstan Prokurorluğunun nümayəndələrinə Azərbaycan Prokurorluğunun tarixi muzeyinə və Prokurorluğun yeni inzibati binasına ekskursiya təşkil edib.
Azərbaycana rəsmi səfərinin ikinci günündə Gürcüstanın baş prokuroru İrakli Şotadze və Azərbaycanın baş prokuroru Kamran Əliyev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüblər.
Baş nazirlə görüşdə iki ölkənin prokurorluqları arasında əməkdaşlığın gücləndirilməsindən danışılıb”, - deyə prokurorluğun yaydığı məlumatda bildirilir.


