Gürcüstanda Tesla Media saytına neçə milyon dollar yatırıldığı açıqlandı
Gürcüstandan piramida sxemi olan TeslaVideoMedia saytına 45 milyon dollar pul yatırılıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Ambry Solutions tərəfindən hazırlanan hesabatda qeyd olunub.
Ambrinin hesablamalarına görə, ümumi dövriyyənin bir hissəsi, təxminən 20-25%-i piramida sxeminin sahibləri tərəfindən layihə iştirakçılarına ödənilib ki, bu da əsasən sxemin etibarlılığını artırmaq üçün edilib.
“TeslaVideoMedia, təəssüf ki, çox insana zərər verən başqa bir maliyyə piramidası sxemidir. Layihə menecerləri məqsədlərinə çatmaq üçün kripto-əməliyyatlardan istifadə etdilər ki, bu da kripto dünyasının nüfuzunu ictimaiyyətin gözündə xeyli aşağı saldı.
Təəssüf ki, “asan pul” qazanmaq mövzusu bu gün də cəmiyyətimizdə aktualdır. İnsanlar pul itirmək təhlükəsini bilsələr də, bu cür xidmətlər göstərən platformalar tərəfindən verilən məlumatlara etibar edirlər”, - deyə Ambrinin həmtəsisçisi Luka Lomsadze bildirib.
Məlumata əsasən, piramida sxemi ən çox Axalkalaki və Marneulidə, ondan sonra Axalçixe, Xelvaçauri, Batumi, Qori, Mozameta, Rustavi, Tbilisi və Potidə populyarlıq qazanıb.
Həmçinin, TeslaVideoMedia ilə əlaqəli kripto hesablar üzərində aparılan araşdırmalar göstərib ki, piramida sxeminin kripto hesablarından biri "GRENMINE" adlı başqa bir piramida sxemi ilə əlaqələndirilib - iki sxemin aktiv dövrləri üst-üstə düşüb.


