Eyvanı uçan binanın sakinləri Marneuli meri ilə görüşdü
Marneulidə 26 iyun tarixində eyvanı uçan binanın sakinləri meriyanın qarşısında etiraz aksiyası keçiriblər.
lnterPress.ge xəbər verir ki, sakinlər qəzanın yaratdığı problemlərlə bağlı müvafiq tədbirlərin görülməsini tələb ediblər.
Tələblər əsasında, Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze, müavinləri ilə birlikdə, baş vermiş bədbəxt hadisə ilə bağlı bina sakinləri ilə görüşüblər. Onların ehtiyaclarını dinləyib, problemin həlli yollarını birlikdə müzakirə ediblər.
"İyunun 26-da baş vermiş bədbəxt hadisə ilə bağlı, bina sakinləri ilə keçirilən görüşlərim intensiv şəkildə davam edir. Mənim üçün onların ehtiyaclarını şəxsən dinləmək və problemin həlli yollarını onlarla birgə müzakirə etmək önəmlidir. Qeyd edim ki, Meriya vətəndaşların maraqlarını təmin etmək üçün öz səlahiyyətləri çərçivəsində hər şey edir. Təəssüflər olsun ki, müxtəlif destruktiv qruplar baş vermiş faciəvi hadisə ilə qəsdən manipulyasiya edirlər. Burada qeyd edim ki, ekspertizanın tövsiyələrinə uyğun olaraq vətəndaşların ehtiyacları maksimum şəkildə nəzərə alınacaq", - deyə Marneuli Munisipalitetinin meri Kənan Ömərov bildirib.
Məlumat üçün bildirək ki, ötən gün Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsində eyvan uçub, nəticədə 2 nəfər həyatını itirib.


