28 
May
2022
23:32
463

Tbilisidə AXC qurucularının məzarları ziyarət olunub-FOTO

28 may tarixində Azərbaycan Respublikasının Milli bayramı – Müstəqillik Günü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev başda olmaqla Səfirliyin bütün kollektivi və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan – Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyevin iştirakı ilə Tbilisi şəhərinin mərkəzində ucaldılmış Ulu öndər Heydər Əliyevin heykəli önünə gülqoyma mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyi məlumat yayır.

Tbilisidən sonra  Kvemo Kartli diyarının inzibati mərkəzi olan Rustavi şəhərində yerləşən Heydər Əliyevin heykəlinə baş çəkilmiş, müasir tarixdə Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının memarı olan Ümummilli liderin xatirəsi ehtiramla yad edilib.

Daha sonra Tbilisi Nəbatat Bağında yerləşən Dahi Azərbaycanlıların Panteonu ziyarət edilmiş və orada torpağa tapşırılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsi anılmışdır. Həmçinin Panteonda qorunan dahi Azərbaycan şairi Mirzə Şəfi Vazeh və Azərbaycan peşəkar dramasının banisi, böyük yazıçı və ictimai xadim Mirzə Fətəli Axundzadənin qəbirlərinə güllər düzülüb.

104 il öncə məhz o dövrün Tiflis şəhərində bəyan edilmiş AXC-nin ilk dəfə qaldırdığı, Azərbaycanın Ulu öndəri Heydər Əliyevin yenidən bərpa etdiyi və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Zəfər zirvəsində ucaltdığı Azərbaycanın üçrəngli bayrağına göstərilən bu ehtiram Azərbaycan – Gürcüstan dostluğunun növbəti əyani təzahürü olmuşdur.

Bizimlə əlaqə saxlayın