İstintaq Xidməti Gürcüstanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə daşınar əşyalar keçirən 3 nəfəri saxladı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gürcüstanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə xüsusilə külli miqdarda daşınar əşyalar keçirən 3 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayıb.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək və gömrük rüsumlarından yayınmaq məqsədilə ilkin razılıq əsasında qrup halında “Sarp” gömrük-keçid məntəqəsindən keçərək qrup üzvlərindən birinin nəzarətində olan “MERCEDES-BENZ” markalı yük avtomobili ilə Türkiyə Respublikasından Gürcüstana 2620 qram qızıl və 6189 qram gümüşdən hazırlanan zinət əşyaları gətiriblər. Ekspertizanın rəyinə əsasən, onun ümumi bazar dəyəri 429 111 lari təşkil edir.
İstintaq müəyyən edib ki, gömrük nəzarətindən gizli şəkildə gətirilən qızıl və gümüş əşyalar Tbilisidə, Vağzal Meydanında yerləşən "Qızıl Birjası"nda satılmalı idi.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 5-ci hissəsi ilə 8 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Hazırda cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.


