Qapalı məkanlarda maska taxmaq öhdəliyinin götürülməsi müzakirə edilirmi?- AÇIQLAMA
Koordinasiya Şurası hələlik qapalı məkanlarda maska taxmaq öhdəliyinin götürülməsi məsələsini müzakirə etmir.
InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə naziri Zurab Azaraşvili məlumat verib.
Onun sözlərinə görə, Koordinasiya Şurası digər ölkələrin məsələ ilə bağlı tendensiyasını izləyir.
Zurab Azaraşvili, ÜST-ün tezliklə pandemiyanın başa çatdığını elan edəcəyinə ümid etdiyini qeyd edib.
“Pandemiyaya və pandemiyanın sona çatmasına gəlincə, mən bir neçə həftə əvvəl bunun çox tezliklə baş verəcəyini demişdim. Ümid edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı illər əvvəl pandemiyanın başladığını elan etdiyi kimi, pandemiyanın sonunu da tezliklə elan edəcək. Bu günə qədər bütün parametrlər və meyarlar əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Biz xəstəxanaya yerləşdirməni minimuma endirmişik, həmçinin infeksiyanın aşkarlanma faizi kifayət qədər aşağıdır və məncə, bu tendensiyanın sonu uzaqda olmamalıdır.
Məhdudiyyətlərə gəldikdə - yeganə məhdudiyyət qapalı məkanda maskadan istifadədir. Biz digər ölkələrin tendensiyasını müşahidə edirik və indiyə qədər bəzi ölkələr hələ də qapalı məkanda maskadan istifadə edirlər və buna görə də biz bunu hələ müzakirə etmirik", - Azaraşvili bildirib.


