EEAS: Aİ Gürcüstanla əməkdaşlığı gücləndirməyə hazırdır
Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Strasburqda Avropa Komissiyasının vitse-prezidenti, İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell və Gürcüstanın Xarici İşlər Naziri İlya Darçiaşvili arasında keçirilən görüş barədə məlumat yayıb.
InterPress.ge xəbər verir ki, Ali Nümayəndə Darçiaşvilini vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Rusiyanın Ukraynaya müdaxiləsinin nəticələri fonunda hazırkı çətin regional və geosiyasi kontekstdə Aİ-nin Gürcüstana tam dəstəyini bir daha təsdiqləyib.
“Aİ Gürcüstanın dayanıqlığını gücləndirmək üçün onunla işləməyə hazırdır. Cozef Borrell Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib”,- deyə EEAS-ın yaydığı məlumatda deyilir.
Ali Nümayəndə Borrell Avropa İttifaqı və onun üzv dövlətlərinin Aİ-Gürcüstan əlaqələrini daha da dərinləşdirmək öhdəliyini vurğulayıb.
O qeyd edib ki, Gürcüstan üçün əsas islahat prioritetləri, xüsusən də daxili siyasi qütbləşmənin aradan qaldırılması, məhkəmə sistemində islahatların aparılması və razılaşdırılmış konstitusiya islahatlarının qəbulu baxımından konkret və sürətli irəliləyiş əldə etmək vacibdir.


