20 
Mar
2022
18:37
676

Kvemo Kartli bələdiyyələrində yollar qardan təmizlənir

Güclü qarın avtomobillərə və insanlara hərəkət problemi yaratdığı Kvemo Kartli bölgəsinin bələdiyyələrində yollar intensiv şəkildə təmizlənir. 

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsi məlumat yayıb.

Verilən məlumata görə, Quberniyanın Avtomobil Yolları Departamentinin və yerli bələdiyyə rəhbərliyinin birgə səyi ilə çətin meteoroloji şərait nəticəsində yaranmış problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür.

Bələdiyyədən verilən açıqlamaya görə, müvafiq yerlərə xüsusi texnika səfərbər olunur, zərurət yaranarsa, əhali dərman və ərzaq məhsulları ilə təmin olunacaq.

“Bu mərhələdə artıq Tbilisi-Tetriçğaro yolu və Tetriçğaro-Manqlisini birləşdirici hissəsi təmizlənib. Durnuk, Kosalar, Xaişi və Cincğaro kəndlərində də müvafiq işlər aparılıb. Çivçavi kəndi əlavə texnika ilə təmizlənir. Tetricğaro və Manqlisi şəhərlərinin daxili küçələrində də işlər davam etdirilir, lakin bələdiyyə ərazisində çətin meteoroloji vəziyyətə görə yollarının təmizlənməsi mümkün olmayan kəndlər var.

Güclü qar səbəbindən Bolnisi, Darvaz, Tancia, Köhnə Kveşi və Kveşi icmalarında, eləcə də Disveli kəndində hərəkət məhdudlaşdırılıb - xüsusi texnika təmizlik işlərini yerində, mərhələli şəkildə yerinə yetirir. İndiki mərhələdə Dmanisi bələdiyyəsinin kəndlərində - Yırğançay, Sakire, Qora, Lökçandari, Qamışlı, Qarabulax yuxarı kəndlərində və İfnari icmasında hərəkət məhduddur.

Güclü qar və qar fırtınası səbəbindən yol təmizləmə işləri müvəqqəti olaraq ləngidiyi Çalka bələdiyyəsinə xüsusi texnika səfərbər olunub - bu mərhələdə Çalkanın daxili küçələri qardan təmizlənir, kəndlərə gedən yolların təmizlənməsi prosesi davam etdiriləcək. 

Biz əhalini qış mövsümünə uyğun təkərlərlə, müvafiq nəqliyyat vasitələri ilə hərəkət etməyə və yollarda qoyulan rejimlərə əməl etməyə çağırırıq”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın