Qardabaninin Gənclər Mərkəzində Xocalı soyqırımı anılıb- FOTO
Qardabani Gənclər Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 24 fevral tarixində Xocalı soyqırımı yad edilib.
InterPress.ge xəbər verir ki, Xocalıda həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin aparıcısı İsə Xəmmədov çıxış üçün Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyevə söz verib.
Hacı Hacıyev öz çıxışında qonaqları salamlayıb və bu soyqırımın bir tək Azərbaycan xalqına qarşı deyil həmçinin bütün insanlığa qarşı işlədilmiş bir cinayət olduğunu ifadə edib.
Sonra “Beez Uşaq Teatrı”nın qurucusu və bədii rəhbəri Binəli İslamoğlunun ssenarisini yazdığı və rejissorluğunu etdiyi “Ana laylası” adlı tamaşa göstərilib.
Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək Xocalı soyqırımının dünyadakı hüquqi yeri ni tapması üçün Azərbaycan hökumətinin apardığı fəal işlərdən danışıb, Ali baş komandanın güclü siyasəti və müzəffər ordunun yenilməzliyi nəticəsində bütün şəhidlərin qisasının alındığını vurğulayıb.
Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfirliyinin Din İşləri müşaviri Əhməd Erdem də öz çıxışı zamanı Türkiyənin Azərbaycanla qardaş ölkə olduğunu bir daha qeyd edib. Azərbaycana hər zaman dəstək olmağa hazırıq deyib.
Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri və müxtəlif qeyri hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Tədbirin sonunda Xocalı şəhidləri adına ehsan süfrəsi təşkil edilib.




