21 
Yan
2022
09:00
2645

Azərbaycan və Gürcüstan arasında gömrüklə bağlı müzakirələr aparılıb

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili ilə görüşüb.

InterPress.ge xəbər verir ki, görüşdə iki ölkə arasında maliyyə, vergi və gömrük orqanları arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğu bildirilib.

Azərbaycan və Gürcüstan arasında sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsinin təşviq olunması baxımından qarşılıqlı səfərlərin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tarixən mehriban qonşu və yaxın dostluq şəraitində yaşamış Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin strateji tərəfdaş səviyyəsinə yüksəldiyi, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğu qeyd edilib.

Tərəflər iqtisadi, tranzit və nəqliyyat sahələrində tərəfdaşlığın vacibliyinə toxunaraq, 29 sentyabr 2021-ci il tarixində Bakıda keçirilmiş Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq sahəsində Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş” imzalanmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin, sözügedən Komissiyanın 8-ci iclasının protokolunda əks olunmuş gömrük sahəsində əməkdaşlıqla bağlı müddəaların həyata keçirilməsi, o cümlədən iki ölkə arasında yeni inteqrə edilmiş gömrük məntəqəsinin inşası ilə əlaqədar məsələlər müzakirə edilib. Bu layihə sayəsində sərhəd keçid prosedurlarının əhəmiyyətli dərəcədə sürətləndiriləcəyi və sadələşdiriləcəyi, iki ölkə arasında nəqliyyat və ticarət əlaqələrin genişləndiriləcəyi bildirilib.

Eyni zamanda, tərəflər 2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”un əhəmiyyətini vurğulayıb, iki tərəfdaş ölkənin müvafiq dövlət qurumları arasında məlumat mübadiləsinin daha da genişləndirilməsi, gömrük prosedurlarının səmərəliliyinin artırılması üçün geniş imkanların olduğunu qeyd edilib.

İkitərəfli formatla yanaşı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyi bildirilib, eləcə də, pandemiya şəraitində iki ölkə və bütövlükdə regionda ticarət və tranzit sahəsində gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycanın Gürcüstandakı Səfirliyinin nəzdində Dövlət Gömrük Komitəsinin yeni nümayəndəsi gömrük xidməti polkovniki Fuad Qasımov Gürcüstanın Maliyyə Nazirliyinin rəhbərliyinə təqdim olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər