VALEH HACILAR – 70 Beynəlxalq konfrans
16 noyabr 2021-ci ildə AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə 2010-cu ildə dünyasını dəyişmiş Borçalı əsilli görkəmli alim, şair, pedaqoq və ictimai xadim Valeh Hacıların 70 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.
Onlayn formatda təşkil olunmuş konfransda çıxış edən AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Uluslararası Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin başkanı - Bursa Uludağ Universitetinin professoru Cengiz Alyılmaz, Azərbaycan Universitetinin professoru Asif Hacılı, Ardahan Universitetinin professoru Şurəddin Məmmədli, Gürcüstan-Ukrayna Beynəlxalq Universitetinin professoru Mahmud Kamaloğlu, Sivas Cümhuriyyət Universitetinin professoru Doğan Kaya, Bursa Uludağ Universitetinin professoru, Türkiyədə Valeh Hacıların elmi-poetik yaradıcılığının tədqiqatçısı Semra Alyılmaz, Ardahan Universitetinin professoru Gülnarə Qoca-Məmmədova, AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri Əli Şamil mərhum alimin həyatı və çoxşaxəli yaradıcılığı barədə məruzələrlə çıxış etmişlər.
Məruzələrdə vurğulanmışdır ki, Valeh Hacılar Azərbaycan-gürcü ədəbi əlaqələrinin, özəlliklə folklor əlaqələrinin öyrənilməsi, Gürcüstanın türkdilli folklor örnəklərinin toplanması, eləcə də Gürcüstan arxivlərindəki milli folklor nümunələrimizin aşkarlanması, onların tədqiqi, nəşri və gürcü dilinə tərcüməsi sahəsində məhsuldar fəaliyyət göstərmişdir. Gürcüstan arxivlərində xalqımızın tarixi ilə bağlı mühüm sənədlərin aşkarlanmasında Valeh Hacıların müstəsna xidmətləri var. O, Mehralı bəy və Borçalıda qaçaq hərəkatı barədə araşdırmalar aparmış, bu mövzuda mükəmməl əsərlər yazmışdır. Xalq ədəbiyyatına və ədəbi əlaqələrə dair monoqrafiyaların, tarixi-filoloji, leksioqrafik və bədii səpgidə yazılmış 30-dan çox kitabın müəllifidir.
Həmçinin Valeh Hacıların adının əbədiləşdirilməsinə və irsinin tədqiq olunmasının əhəmiyyətinə diqqət çəkilmişdir.
Tədbirin sonunda görkəmli alimin oğlu – Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa şöbəsinin müdiri, tarix elmləri doktoru Fəxri Valehoğlu-Hacıyev konfransın təşkilatçılarına və iştirakçılara ailəsi adından təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, Valeh Hacılar 15 aprel 1951-ci ildə Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. Bakıda ali filoloji təhsil aldıqdan sonra vətəninə dönmüş, Azərbaycan və Gürcüstan Yazıçılar İttifaqlarının zəmanətləri ilə 1973-cü ildən Tbilisi Dövlət Pedaqoji Universitetində əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə TDPU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmiş və 17 il həmin kafedraya rəhbərlik etmişdir. 1984-cü ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan dilində şeir qoşan gürcü aşıqları” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə isə eyni institutda “Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri (Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə professor elmi adını almış, 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının şərqşünaslıq üzrə həqiqi üzvü seçilmişdir.
Valeh Hacılar Azərbaycan Yazıçılar Birliyinin, Gürcüstan Prezidenti yanında Təhsil Şurasının, Elmi adların verilməsi üzrə Professorlar Şurasının üzvü, Gürcüstandakı azərbaycan Ziyalılar Birliyinin ilk sədri (daha sonra fəxri sədri), Tbilisidə UNESCO xətti ilə nəşr olunan “Prometey”, Bakıda AMEA Folklor İnstitutunun xətti ilə çap olunan “Dədə Qorqud”, Türkiyədə nəşr olunan “Milli folklor”, “Türkiyə araşdırmaları” və “Türkiyat araşdırmaları” elmi jurnallarının redaksiya heyətlərinin üzvü və Gürcüstan təmsilçisi olmuşdur.
Valeh Hacılar Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 2001) Gürcüstan nümayəndə heyəti adından çıxış etmiş, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və Əlaqələndirmə Şurası İdarə Heyətinin üzvü seçilmişdir.
Çoxşaxəli və aktiv elmi-ictimai fəaliyyəti türk alimlərin də diqqətini çəkmiş, 2002-ci ildə Atatürk Universitetində onun haqqında doktorluq dissertasiyası müdafiə olunmuş, 2003-cü ildə Ankarada “Borçalılı bilim adamı, eyitimçi, şair Valeh Hacılar” adlı irihəcmli monoqrafiya çapdan çıxmışdır (müəllifi: Prof. Dr. Semra Alyılmaz).
Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir.
Valeh Hacılar 23 yanvar 2010-cu ildə vəfat etmiş və öz vəsiyyəti ilə doğma kəndində dəfn edilmişdir. Hazırda Darvaz kəndinin Mədəniyyət Evi Valeh Hacıların adını daşıyır.
Görkəmli alimin vəfatından sonra təsis olunmuş Uluslararası Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi 2010-cu ildən etibarən uğurla fəaliyyət göstərir. Vəqfin xətti ilə Türkiyədə TEKE (Türkçe – Edebiyat – Kültür – Eğitim) beynəlxalq elmi dərgisi yayımlanır.
2012-ci ilin 12-16 aprel tarixlərində İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetində həmin universitetin, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun, Türkiyənin Erdahan Universitetinin, Suxum Dövlət Universitetinin və Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə alimin xatirəsinə həsr olunmuş “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” mövzusunda beynəlxalq elmi simpozium keçirilmişdir. 22 respublikadan 144 elmi məruzənin dinlənildiyi bu böyük miqyaslı simpozium Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığı formatında ilk elmi-mədəni tədbir idi.


