Tbilisidə Zəfər Gününə həsr olunmuş "Cənnətdən gələn məktub" adlı tamaşa təqdim edildi - FOTO
“Era” teatrının təşkilatçılığı ilə Tbilisidə "Zəfər Günü"nə həsr olunmuş “Cənnətdən gələn məktub” adlı tamaşa səhnələşdirilib.
InterPress.ge xəbər verir ki, tamaşa Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.
Tamaşa Azərbaycan dilində Tbilisidəki Akaki Xorava adına Aktyorlar Evində nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru və pyesin müəllifi Anar Rafiqoğludur. Səhnə əsərində rolları aktyorlar - Binəli İslamoğlu və Elnur Vəlizadə ifa ediblər.
Vətənpərvərlik və şəhidlik “Cənnətdən gələn məktub” tamaşasının əsas mövzusudur. Əsərin ana xətti şəhid olmuş ata və oğulun dialoqu, atanın qızına ünvanladığı məktub üzərində qurulub.
Tamaşanı izləmək üçün teatrda qonaq qismində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, icmanın üzvləri, iş adamları, gənclər və ziyalılar olub.

(hsb)


