04 
Nybr
2021
16:48
441

Gürcüstanda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO

Tbilisidə Azərbaycanın Birinci və İkinci Qarabağ müharibəsində həlak olan Gürcüstan əsilli 22 şəhidin xatirə mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun həmsədri Arzu Nağıyev, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı, Savalan Mirzəyev, Marneuli meri Kənan Omarov, ictimai-siyasi xadimlər iştirak edib.

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən F.Quliyev çıxışında bildirib ki, tədbirin əsas məqsədi Zəfər günü ərəfəsində qəhrəman şəhidlərin yad edilməsi və xatirələrinə böyük ehtiramın nümayişidir. 

“Biz çox qürurluyuq ki, 30 ilə yaxın dövrdə düşmən tapdağı altında olan torpaqlarımız azad edilib və artıq Zəfər gününün ildönümü ərəfəsindəyik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.

Səfir eyni zamanda müharibə zamanı Gürcüstandakı soydaşlarımızın mənəvi vətənləri olan Azərbaycana göstərdikləri dəstək və həmrəyliyə görə minnətdarlığını ifadə edib.

“Gürcüstanda yaşayan azərbaycanlılar müharibə dövründə, eləcə də ondan sonrakı bir il ərzində hər zaman Azərbaycana mənəvi dəstək verib, Marneulidə, Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda siyasi əqidəsindən asılı olmayaraq hər kəs Azərbaycanla həmrəylik nümayiş etdirib. Bunun üçün də hər bir soydaşmıza minnətdaram”.

F. Quliyev Gürcüstandan olan Azərbaycan əsilli şəhidlər haqqında sənədli filmin lentə alındığını və onların ömür yolundan bəhs edəcək kitabın hazırlanacağını diqqətə çatdırıb.

Səfir F.C.Yazqan deyib ki, şəhidlər Azərbaycanın və bölgənin gələcəyi, əmin-amanlığı üçün canlarından keçiblər: “Şəhidlərin yaxınlarına səbr diləyirəm. Vətən uğrunda verilən canlar bundan sornakı övladlara can verəcək. Allah Azərbaycanı qorusun! Allah türkü qorusun!”

Türkiyənin quruluşundan bu yana vətəni qorumaq üçün övladlarını şəhid verdiyini qeyd edən xanım diplomat çıxışının sonunda şəhid ruhunu anladan bir neçə şeir misrası oxuyub.

Mərasim çərçivəsində Gürcüstandan olan Azərbaycan əsilli şəhidlərin həyat yolu haqqında çəkilmiş sənədli filmdən kiçik hissə nümayiş etdirilib, azərbaycanlı rəssamların çəkdiyi şəhidlərin portretləri və “Azərmarka” MMC-də hazırlanan poçt markaları şəhidlərin yaxınlarına təqdim olunub.

Tədbirin sonunda səfirlik adından ehsan verilib, Qurandan ayələr və şəhidlərin ruhlarına dualar oxunub.

(hsb)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər