Mərkəz rəhbəri məcburi peyvəndləmə ilə bağlı danışdı
"Ümumiyyətlə, məcburi vaksinasiyanın tətbiqi asan deyil, həlli çətin məsələdir, düşünürəm ki, bu, müzakirə olunacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Qamğrelidzenin izah etdiyinə görə, xüsusilə müəllimlər koronavirus peyvəndinin məcburi olmasını tələb edirlər.
“Bizə deyirlər ki, niyə peyvəndi məcburi etmirsiniz. Xüsusilə müəllimlər bizə deyirlər ki, əgər məcburi olacaqsa, peyvənd olunacaqlar. Bu məsələ daha sonra müzakirə olunacaq. Qərarları baş nazir qəbul edir, o, Koordinasiya Şurasının sədridir. Ümumiyyətlə, məcburi vaksinasiyanın tətbiqi asan deyil, bildiyiniz kimi, bir çox ölkələr bunu həyata keçirə bilmədi. Bəziləri bunu etdi, amma çoxu edə bilmədi. Bəziləri bunun insan haqları ilə ziddiyyət təşkil etdiyini düşünür və s. Bu, həlli çətin məsələdir, düşünürəm ki, bir neçə müzakirə mövzusu olacaq”, - Qamğrelidze bildirib.
Amiran Qamğrelidzenin dediyinə görə, Xəstəliklərə Nəzarət Mərkəzi yalnız tövsiyələr verir və qərarı Koordinasiya Şurası, baş nazir qəbul edir.
Məlumat üçün qeyd edək ki, baş nazir dünən Koordinasiya Şurasının sədri və baş nazir kimi peyvəndin məcburi olmasına icazə verməyəcəyini bildirib.


