Gürcüstanda bu istiqamətdə cəzalar sərtləşdirilir
Parlament, Cinayət Məcəlləsinə narkotik, yeni psixoaktiv, psixotrop və güclü təsirə malik maddələrin satışına görə sanksiyanın sərtləşdirilməsini ilə bağlı planlaşdırılan dəyişikliyi birinci oxunuşda müzakirə edib.
InterPress.ge xəbər verir ki, qanun layihəsinə əsasən, narkotik vasitənin, onun analoqunun, prekursorunun və ya yeni psixoaktiv maddənin qanunsuz satışı ilə məşğul olan şəxs on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, qeyd olunan maddələrin külli və xüsusilə külli miqdarda qanunsuz satışı üçün də sanksiya artırılır.
Çox miqdarda olanda cəza müddəti on iki ildən on yeddi ilə qədər artacaq, xüsusilə külli miqdarda olanda isə on dörd ildən iyirmi ilə qədər və ya ömürlük həbs cəzası ilə cəzalandırılacaq.
Psixotrop maddənin və ya onun analoqunun qanunsuz satışı üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq;
Güclü təsirə malik olan maddənin qanunsuz olaraq satılması dörd ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq;
Qeyd olunan maddənin külli miqdarda satılması beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq və xüsusilə külli miqdarda satanlar isə on ildən on dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Daxili işlər nazirinin müavininin sözlərinə görə, dəyişikliklərin əsas məqsədi narkotik alverçiləri ilə fəal mübarizə aparmaq və onlara qarşı qanunvericilik yanaşmalarını sərtləşdirməkdir.
Layihə Gürcüstan hökumətinin təşəbbüsü ilə həyata keçirilir.


