Marneulidə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü qeyd olundu - FOTO
Marneulidə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
GAİM-in icraçı direktoru Orxan Piriyev müstəqillik günü münasibətilə hərkəsi təbrik edib və GAİM-nə verilən dəstəyə görə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.
Tədbir çərçivəsində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı rəsm və inşa üzrə müsabiqəsinin qalibləri müəyyən edilib. Qaliblərə pul mükafatı və sertifikat təqdim edilib.
Tədbirə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Eldar Bayramov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət komitəsinin Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri Vüsal Məmmədov, komitənin sektor müdiri Zaur Ramazanov, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı və ictimaiyyət adamları qatılmışdı.


