09 
Okt
2021
21:59
2239

Batumidə binada təmir işləri aparanın Zaur Budaqov olduğu bildirilir

Batumidə, 26 May küçəsində təmir işləri aparan Azərbaycan vətəndaşı Zaur Budaqov olub.

InterPress.ge xəbər verir ki, Budaqov bir neçə ildir Batumidə yaşayır və kazinolardan birində menecer işləyir.

Budaqov bu gün polis tərəfindən saxlanılıb. Həmçinin təmir işləri aparan iki işçi də saxlanılıb.

Daxili İşlər Nazirliyi bildirir ki, binanın birinci mərtəbəsindəki mənzillərdən birinin sahibi olan saxlanılan şəxs iki işçi götürüb. Onların sözlərinə görə, Budaqovun göstərişi ilə mənzildə tikinti-təmir işləri aparılıb və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması nəticəsində, bu il oktyabrın 8 -də yaşayış binasının girişlərindən biri çöküb.

Saxlanılan şəxsin vəkili Budaqovun istintaq zamanı ifadə verdiyini deyir, lakin digər təfərrüatlar barədə danışmır.

Qeyd edək ki, mənzilin sahibi Zaur Budaqov oktyabrın 4 -də mənzil və zirzəminin birləşdirilməsi tələbi ilə Dövlət Reyestrinə qeydiyyat üçün müraciət edib, ancaq sənədlərin olmaması səbəbindən Reyestr 8 oktyabrda, artıq binanın bir hissəsi çökdükdən sonra buna icazə verməyib.

Batuminin 26 May küçəsindəki yaşayış binası dünən, oktyabrın 8 -də çöküb  Dağıntılar altında 10 -dan çox adam qalıb. Xilasedicilər qısa müddətdə binanın yaxınlığında dayanmış avtomobildən azyaşlını çıxarıblar. Yanğınsöndürən-xilasedicilər  binanın içindəki insanlardan iki mülki şəxsi çıxarıblar və onlar xəstəxanaya aparılıb. Dağıntılar altından çıxarılan 35 yaşlı qadın axşam saatlarında ölüb.

Həmçinin, dağıntılarda ikisi uşaq olmaqla 5 cəsəd tapılıb.  Hadisə yerində xilasetmə əməliyyatı bütün gecə davam edib və hazırda davam edir.

Daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, dağıntılarda daha üç nəfər axtarılır.

Bizimlə əlaqə saxlayın