ABŞ səfiri Marneuliyə səfər etdi
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Marneuliyə səfər edib.
InterPress.ge xəbər verir ki, səfir ölkədə davam edən seçki prosesini qiymətləndirib.
Səfirin sözlərinə görə, bu gün çox vacib bir gündür və hər kəs gəlib öz seçimini etməlidir.
"Bu gün Gürcüstan üçün çox vacib bir gündür. Burada seçki prosesini müşahidə etmək imkanın sahib olduğuma görə şadam. Keçən ilin oktyabr ayında keçirilən seçkilərdə də Marneulidə idim və yenə burada olduğuma görə şadam. Seçicilərin məntəqəyə gəldiklərini və səs verdiklərini görürəm, onlar öz məsuliyyətlərinə diqqətlə yanaşırlar və bu çox vacib bir gündür ki, vətəndaşlar seçki məntəqələrinə gəlib öz seçimlərini edirlər.
Əlbəttə ki, azad və demokratik seçkilər bütün demokratiya üçün fundamentaldır. Elçilik davam edən seçki prosesini müşahidə edir və Gürcüstan miqyasında 48-ə qədər müşahidəçi qrupumuz var. Amerikada, Vaşinqtonda, Ağ Evdə, Dövlət Departamentində və s. yerli seçkilərlə maraq və diqqət böyükdür.
Seçki öncəsi bir dövrdə baş verən zorakılıq, qorxutma və s. kimi pozuntulara gəlincə, bundan narahatlığımızı ifadə edirik. Ancaq partiya liderlərinin rahat bir mühitə dəvət etmələri yaxşıdır ki, bu da vətəndaşları rahat bir mühitdə səs vermək imkanı ilə təmin edəcək.
Əhalini, seçiciləri qaydalara riayət edərək seçki məntəqələrinə gəlməyə və səs verməyə çağırırıq.
O, həmçinin Mixail Saakaşvilinin həbs olunmasına da münasibət bildirib.
"Ümid edirəm ki, seçkilərdən sonra siyasi liderlər əhalini, Gürcüstanı narahat edən məsələlər, kovid, iqtisadiyyat, yüksək qiymətlər üzərində çalışacaqlar. Gürcüstana qütbləşmə deyil, siyasi sabitlik lazımdır. Cənab Saakaşviliyə gəlincə, bu ədalətin nə qədər bərqərar olacağına dair Gürcüstan məhkəməsi üçün test olacaq. Əlbətdə ki, bu prosesi diqqətlə izləyirik və ümid edirik ki, hər şey Gürcüstan qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun baş tutacaq", - səfir bəyan edib.


