Narkotiklərlə, yeni psixoaktiv, psixotrop maddələrin satılması ilə bağlı mübarizə gücləndiriləcək
İnsan Haqları və Vətəndaş İnteqrasiyası Komitəsinin iclasında Gürcüstan Cinayət Məcəlləsinə daxil ediləcək dəyişikliklər müzakirə edilib. Qanun layihəsinin məqsədi narkotiklərlə, həmçinin yeni psixoaktiv, psixotrop və güclü təsirə malik maddələrin satılması ilə bağlı mübarizəni gücləndirməkdir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamenti məlumat yayıb.
İdarədən verilən məlumata görə, narkotik vasitəni, onun analoqunu, prekursorunu və ya yeni psixoaktiv maddəni qanunsuz satan şəxs on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Adı çəkilən cinayətin külli və xüsusilə külli miqdarda törədilməsinə görə sanksiya artırılır.
Külli miqarda olduğu halda cəza müddəti on iki ildən on yeddi ilədək artacaq, xüsusilə külli miqdarda olduğu halda isə cəzanın minimum bariyeri artırılır və 8 il əvəzinə on dörd il olaraq təyin ediləcək.
"Qanun layihəsinin qəbulu mütəşəkkil cinayətkarlıqla mübarizəni gücləndirəcək və narkotik vasitələrin, habelə yeni psixoaktiv, psixotrop və güclü təsirə malik maddələrin satışını tənzimləyən qanunvericiliyi sərtləşdirəcək", - daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib.


