21 
Avq
2021
15:11
600

Bolnisidə Vətən müharibəsi şəhidinin anım tədbiri keçirildi - FOTO

20 avqust tarixində Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində şəhid olmuş, əslən Bolnisi rayonunun Babakişilər kəndindən olan 12.08.1990-cı il təvəllüdlü kapitan Pənahov Əkbər Bəylər oğlunun Babakişilər kəndində yerli sakinlər tərəfindən təşkil edilmiş 40 mərasimində iştirak ediblər.

InterPress.ge məlumat verir ki, kapitan Ə.Pənahov Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş, cari ilin iyul ayında nəşi tapılaraq, 12.07.2021-ci il tarixində Bakı şəhərində dəfn olunmuşdur.

Səfir F.Quliyev ilk öncə 1-ci Qarabağ müharibəsində əslən Babakişilər kəndindən olan şəhidlər Cəfərov Ruslan Elman oğlu, Gülməmmədov Ədalət Qədir oğlu, eləcə də Vətən müharibəsi şəhidi Ə.Panahovun Babakişilər kəndində, kənd məscidinin önündə yerli sakinlər tərəfindən quraşdırılmış xatirə lövhələrini ziyarət edib. 

Tədbirdə çıxışı zamanı səfir F.Quliyev Gürcüstanda yaşayan soydaşlarımıza Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını çatdırmış, 1-ci Qarabağ müharibəsindən başlayaraq hazıradək Azərbaycanın ərazi bütövlüyü uğrunda ümumilikdə 45 nəfər Gürcüstan əsilli soydaşımızın şəhid olduğunu vurğulamış və bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir. Həmçinin, səfir F.Quliyev beynəlxalq tribunalarda Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, xüsusilə Vətən müharibəsi dövründə Gürcüstan dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Yerli sakinlər də öz növbəsində Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında milli vətənləri olan Azərbaycanın 2-ci Qarabağ müharibəsində qələbə qazanaraq, torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırmış, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda əllərindən gələni etməyə daim hazır olduqlarını bildiriblər.

Şəhid Ə.Pənahovun 40 mərasimi zamanı Bolnisi rayonunun baş axundu Hacı İfrət Əhmədov tərəfindən Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhidlərin ruhlarına dualar oxunub.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər