Açıq havada maska taxmaq yenidən məcburi olacaqmı sualına nazir müavini açıqlama verdi
"Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzi açıq havada maska taxmaqdan imtina edilməsi barədə tövsiyə verməyib".
InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia Gürcüstanın Birinci Kanalının "Günün Mövzusu" proqramında aparıcının açıq havada maska taxma qaydalarının müzakirə edilib-edilməyəcəyi ilə bağlı sualına belə cavab verib.
"Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzi bu məsələni daim diqqət mərkəzində saxlayır. İstər açıq, istərsə də qapalı yerdə maska taxmaqdan imtina etməyimiz heç vaxt tövsiyə edilməyib. Vətəndaşlar maska taxmağın vacib olduğunu bilməlidirlər. Fərdi səviyyədə mülki məsuliyyət bizi xilas edəcək. Hamımız maska və peyvənd vasitəsilə özümüzü qorumalıyıq. Bu vəziyyətdə hər hansı bir inzibati mexanizmin davranışımızı fərdi səviyyədə idarə edə biləcəyi illüziyasına sahib olmamalıyıq", - deyə Tamar Qabunia qeyd edib.


